Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı  - FOTO
Hacı Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının səhifələrində gündəliklərə böyük yer verilib. Bu da hər bir səhra komandiri üçün təbiidir.

Bu gün müəllifin ömür kitabını vərəqlədikcə, gözlərimin önündə həyatın qarşıya çıxardığı çətinliklər önündə məğrur dayanan bir Vətən oğlunun, bir vətəndaşın mübariz siması dayanır.

Bu xatirələr bir salnamədir, bir an kimi keçib gedən əlahəzrət zamandan qopub düşən zərrələrdir.
Ağdamın işğal olunduğu vaxtdan xeyli əvvəl, hələ Qarabağ uğrunda savaş başlayandan Əkbər müəllim səhra çantasında dəftər-qələm də gəzdirirdi.
Gündəlikdə yazılan xatirələrin altında tarixlə yanaşı Qarabağ kəndlərinin adına da rast gələcəksiniz. Amma harada, hansı vəziyyətdə, hansı ovqatda yazılırsa yazılsın, mütləq orada Ağdamın izi olacaq.
Çünki Əkbər müəllim təpədən dırnağa qədər Ağdamlıdır.
Bəli, Azərbaycan bizim Vətənimizdir. Amma Vətən insanın doğulduğu evdən, ilk addımlarını atdığı həyətdən, ilk dəfə atasının əlindən tutub uşaq bağçasına, sonra məktəbə getdiyi küçədən başlayır. Biz yaşa dolduqca Vətənimiz də böyüyür, ölkəyə çevrilir.
Qarabağ Vətənimizin bir parçası, onun gözəl guşələrindən biridir. Əkbər müəllim Qarabağı Ağdamsız, Azərbaycanı Qarabağsız təsəvvür edə bilmirdi. Ona görə də həmişə özünü bir gün Vətən torpağını azad edəcək bir əsgər kimi gördü, hərbi paltarını əynindən çıxarmadı.
Dostum İldırım İldırım Əlişoğlu Qehramanovun “Ağdamdan erməni işığı gəlir, Allah, bu günləri ömrümə yazma” deyə nalə etməsi yadıma düşdü.
Gündəliyi oxuduqca anlayıram ki, Əkbər müəllim heç vaxt bədbin olmayıb. Həmişə inanıb ki, bir gün Qarabağ işğaldan azad olacaq, o da sevimli Ağdamına qovuşacaq. Hətta ondan Qarabağın nə zaman azad olunacağını soruşanda, o, sərt bir üzlə:
“Biz nə vaxt istəsək, o gün azad olacaq”, — deyirdi.

Bütün Azərbaycanın ürəyinə dağ basan gün — Şuşanın işğalı günü Əkbər müəllim həmişə kədərli olurdu.
Bu kədəri kitabında qeyd olunan bir yazıda belə ifadə edir:
“Şuşam mənim! Açıq muzeyimiz, gözəl-göyçəyimiz, mənəvi dayağımız olan Şuşam mənim, əzizlərin, doğmaların, oğul-qızın, izzətli ağbirçək nənələr, vüqarlı babalar pərən-pərən düşür.
Tarixi abidələr dağılır, yollardan, cığırlardan izlərimiz silinir.

...Şuşa uğrunda döyüşüb, şəhid olmaq şərəfdir. Şuşasız yaşamaq yaşamamaq deməkdir”.
Kitabı örtüb gözlərimi yumuram.
Bu yazıdan çox-çox qabağa, 8 noyabr 2020-ci ilə uçuram.
Xəyalımda Şuşanı azad edən igid oğullar canlanır. O igidlər Əkbər müəllimin xəyalında qurduğu ölüm-dirim savaşına qoşuldular!
Bu gün Qeyrət Qalamız azaddır, yenidən qurulur, dirçəlir.
Bir neçə kəlmə də bu günümüzdən danışım.
Mən əminəm ki, bu gün cəmiyyətimizdə baş verən bəzi proseslər təsadüfi deyil. Sosial şəbəkələr vasitəsilə insanların fikirlərinə təsir etmək, onları bir-birinə qarşı qoymaq, öz tarixlərinə və böyük şəxsiyyətlərinə inamını sarsıtmaq mümkündür.
Düşmən yalnız səngərdə olmur. Bəzən onun hədəfi insanın yaddaşı, inamı və birliyidir.
Dümanın “Şahzadə Marqo” əsərində Yekaterina Mediçi Fransada baş verən az qala hər hadisənin səbəbini Henrix Navarrskidə görürdü. Bu gün bizdə də tarixə və şəxsiyyətlərə münasibətdə belə yanaşmaların müxtəlif formalarını görmək mümkündür.
Mən Qarabağ məsələsinin də bizim üçün heç vaxt tamamilə bağlanmış məsələ olduğunu düşünmürəm.
Torpaqlarımızı azad etmişik, amma Qarabağı yenidən əlimizdən almaq istəyənlərin olmadığına inanmaq üçün sadəlövh olmaq lazım deyil. Ona görə də yaddaşımızı, birliyimizi və ayıqlığımızı qorumalıyıq.
Əkbər müəllimin gündəlikləri mənə bunu bir daha xatırlatdı.
O yazırdı ki, bir gün Qarabağ azad olacaq.
Bu gün Qarabağ azaddır.
İndi isə bizim borcumuz bu azadlığın qiymətini unutmamaqdır.

05.09.2026

Son xəbərlər

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930