Xəbərlər
22.08.2026, 09:32
Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO
"Mən dəvəsi ölmüş
ərəbəm".
"Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar".
Məhəmməd Füzuli
Bu misalı Azərbaycanda hamı bilir. Məncə, çox az adam öz həyatında bir dəfə də olsun işləməyib. Əkbər müəllim bu məsələni "Xatirələr yaşadır məni" kitabında öz oxucularına yenidən xatırladıb.Yox, - Əkbər müəllim bu kitabda dərd-qəm əlindən şikayət etməyib, etməz də. Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi...Bu xatırlatma əbəs yerə deyil. O, arif adamdır, bu məsələ ilə də arif insanlara üstüörtülü mesaj verir...
Hamımız bilirik ki, ərəbin ya dəvəsi getdi, ya canı,- eyni şeydir. Amma Əkbər müəllim ruhunun, canının hər zərrəsinə qədər türkdür. Demək ki, türkün taleyinə yazılan yazı Əkbər müəllimin də taleyindən yan keçməyib. Mən bilmirəm, Əkbər müəllim övlad itkisinə necə dözür? Surəti dərin şirimlarla örtülüdür.
Amma heç kim görmür ki, onun ürəyində nə qədər şırımlar var!
Bu şırımları təkcə övladı Sənanın şəhid olması açmayıb, öz övladı kimi sediyi, gözləri önündə şəhid olan əsgərləri də açıb.
Mən bilmirəm, Vətən üçün, onu Əkbər müəllim kimi sevməkdən artıq daha nə etmək olar?
Dünən axşamüstü çay süfrəsi arxasında oturub söhbət edirdik. Əkbər müəllim mənə bir xatirə danışdı, danışdıqca da kövrəldi, gözləri yaşla doldu.
Bir ana cəbhə bölgəsinə gəlib Əkbər müəllimdən şəhid olan oğlunu istəyir. Yumruqları ilə onun kədərdən od tutub yanan sinəsinə döyəcləyə-döyəcləyə "ver oğlumu" deyir.Əkbər müəllim başını sinəsinə əyib susur, qadına bir kəlmə də demir, onun nə zaman sakitləşəcəyini səbrlə gözləyir. Yumruqlar get-gedə yavaşıyır, sonra ana başını onun köksünə sıxıb, ağı deyə-deyə ağlayır.
Mən niyə bütün bunları yazıram? Keçən əsrin 90-cı illərindən, görün, neçə il keçib? Qarabağı azad etmişik, mənfur düşmənlər zir-zəbəl olub, indi kədərlənmək yox, sevinmək, bu qələbənin əzəmətini doya-doya yaşamaq vaxtıdır.
Biz tarixdən bilirik ki, bu həşəratlar dəfələrlə aşımıza su qatıblar. Ona görə də rahatlanmaq, hər şey bitdi deyib, rahat oturmaq olmaz.
İndi başqa zamandır, Sünii İntellekt erasıdır, saxtakarlığın baş alıb getdiyi bir zəmanədə kimin haqlı, kimin haqsız olduğunu anlamaq çətindir.
Kiber cinayətkarlar hər gün ölkəmizin adına minlərlə yalanlar uydururlar.
İndi bircə an da olsa, fürsəti əldən vermək olmaz. Həmişə döyüşə hazır olmaq lazımdır.
Ona görə mənim də, Əkbər müəllimin "Xatirələr yaşadır məni" kitabı da insanlarımızı ayıq-sayıq olmağa səsləyir.
Kitabın səhifələrində Birinci Qarabağ müharibəsinin əfsanəvi sərkərdəsi, Azərbaycanın ilk nizami hərbi hissələrindən birinin təşkilatçısı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Vəli oğlu Mirzəyevlə bağlı xatirələrə geniş yer verilmişdir.
Əkbər müəllim yazır ki, batalyona on mindən artıq könüllü cəlb edilmişdi. Onlar 50 No- li peşə məktəbinin həyətində təlimlər keçirdilər. Təlimlər mayor Mustafa Əliyev, Ağdam Mexanizasiya texnikumunda hərbi müəllim işləyən İsmayıl müəllim (haşiyə: İsmayil müəllim 1968-1969-cu dərs ilində mənim müəllimim olub) və Əkbər müəllim tərəfindən keçirilirdi.
Əkbər müəllim yazır ki, biz elə komandir istəyirdik ki, heç kimə tərəf olmayan, öz vətənpərvərliyi ilə tanınan, millətsevər, qurucu, təşkilatçı bir şəxs olsun, bu özünümüdafiə batalyonunun yaranması bilavasitə onun içindən gəlsin.
Uzun axtarışlardan sonra, Bakının Nəsimi rayonunun hərbi komendantı Şirin Mirzəyevi Ağdama dəvət etdik.
Onun Ağdama gəlişi ilə 04 Oktyabr 1991-ci ildə Milli Ordunun ilk qaranquşu olan Ağdam Milli Müdafiə batalyonunun yaranmasına nail olduq.
(bu bölümün ardı var)
P.S.
bu yazının hasilə gəlməsində Sİ də iştirak edib. Sİ mətnə toxunmadan şəkildəki qüsurları aradan qaldırıb.
Yazının mətni 100 faiz müəllif Vahid Çəmənliyə aiddir!
P.S.S.
Yazını sona qədər oxuyanlar üçün Şeyx Füzulinin məşhur beytininin izahı:
Surə: Əl-Əraf surəsi
Ayə: 40-cı ayə:
“Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara qarşı təkəbbür göstərənlərə göyün qapıları açılmayacaq və onlar dəvə iynənin gözündən keçməyincə Cənnətə daxil olmayacaqlar. Biz günahkarlara belə cəza veririk.”
Füzuli deyir ki, qəm əlindən o qədər nazilmişəm ki, iynənin gözündən keçərəm.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






