Xəbərlər
31.08.2026, 01:15
Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...
Hüseyn müəllim Quliyev haqqında danışmaq mənim üçün böyük bir diplomatın keçdiyi zəngin ömür yolundan danışmaqdan daha artıq məna daşıyır. Onun adı mənim şəxsi yaradıcılıq həyatımda da çox doğma, çox qiymətli bir yer tutur.
İllər əvvəl “Qalib sərkərdənin zərif gücü – Mehriban Əliyeva” kitabımı yazanda ön söz müəllifi haqqında düşünərkən ürəyimdən ilk keçən adlardan biri Hüseyn müəllim oldu. Çünki Mehriban xanım Əliyevanın zərifliyini, dövlətçilik düşüncəsini, humanist missiyasını və Azərbaycan qadınına xas yüksək mənəvi keyfiyyətləri anlatmağa çalışdığım bir kitaba söz demək böyük məsuliyyət, dərin düşüncə və zəngin həyat təcrübəsi tələb edirdi.Hüseyn müəllim müraciət etdim.Kitabımı böyük diqqət və həssaslıqla oxuyaraq, əməyimə yüksək qiymət verdi və öz dəyərli sözü ilə kitabımın ilk səhifələrinə imza atdı.Onun “Qalib sərkərdənin zərif gücü – Mehriban Əliyeva” kitabımın ön söz müəllifi olması mənim üçün bu gün də böyük qürur və xüsusi mənəvi dəyər daşıyır.O zaman bunun nə qədər böyük etimad olduğunu hiss edirdim.İllər keçdikcə həmin etimadın qiymətini daha dərindən anlayıram.
Sonra yolumuz bizi Özbəkistana apardı...
2024-cü il avqustun 26-da, Mehriban xanım Əliyevanın doğum günü ərəfəsində kitabımın təqdimatı Hüseyn müəllimin böyük diqqəti və dəstəyi ilə Daşkənddə keçirildi. Azərbaycan sözünün, mədəniyyətinin, dövlətçilik düşüncəsinin qardaş Özbəkistanda belə yüksək ehtiramla təqdim olunması mənim yaddaşıma ömürlük həkk olundu.O gün bir kitab müəllifi kimi böyük qürur yaşayırdım.Eyni zamanda Azərbaycan adına, milli sözümüzə və yaradıcı əməyə böyük həssaslıqla yanaşan təcrübəli bir diplomatın mənəvi dəstəyini hiss edirdim. Həmin günün xatirəsi illər keçdikcə mənim üçün daha da qiymətlənir.
Hüseyn müəllimin ömür yolu özü ayrıca bir kitabdır...
Naxçıvandan başlayıb diplomatiyanın məsuliyyətli yollarından keçən, Kiprdə, Türkiyədə çalışan, Azərbaycan Xarici İşlər Nazirliyində mühüm vəzifələr daşıyan, daha sonra uzun illər ölkəmizi Özbəkistanda yüksək səviyyədə təmsil edən şərəfli bir ömür...Onun Özbəkistandakı 14 illik səfirlik fəaliyyəti Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edib. Diplomatik korpusun dekanı kimi qazandığı böyük hörmət, çoxillik fəaliyyətinin Azərbaycan və Özbəkistan dövlətləri tərəfindən yüksək qiymətləndirilməsi bu zəngin xidmət yolunun ən gözəl ifadələrindən biridir.Mən isə Hüseyn müəllimi ilk növbədə çox dəyərli insan kimi tanıyıb dəyərləndirmişəm: təmkinli, diqqətli, sözün çəkisini bilən, qarşısındakı insanın əməyinə qiymət verməyi bacaran, ziyalılığını hər davranışında hiss etdirən bir insan kimi...İnsanın həyat boyu qazandığı ən böyük sərvətlərdən biri insanların yaddaşında tutduğu yerdir.Hüseyn müəllim uzun illərin dövlət xidmətinin, zəngin diplomatik təcrübənin, yüksək mədəniyyətin və ziyalı davranışının qazandırdığı böyük hörmətə sahibdir.
Bugün onun yubiley məclisində eşitdiyim bir ailə xatirəsi isə məni xüsusilə kövrəltdi...
Hüseyn müəllimin adının tarixçəsi haqqında danışılarkən bu adın arxasında bütöv bir nəslin yaddaşının, nisgilinin və sevgisinin yaşadığını bir daha hiss etdim.Hüseyn müəllimin babası Hüseyn, Ulu Öndər Heydər Əliyevin anası İzzət xanım Əliyevanın doğma qardaşı olub. Ailənin yaşadığı ağır tarixi hadisələrdən sonra İzzət xanım qardaşının övladlarına böyük qayğı və doğmalıq göstərib.İllər sonra Rzaqulu müəllimin oğlu dünyaya gələndə İzzət xanım körpəyə doğma qardaşı Hüseynin adını verib. Bu xatirəni məhz Hüseyn müəllimin 80 illik yubileyində eşitmək mənə çox təsir etdi.Bir insanın adında bir ailənin yaddaşı, bir nəslin sevgisi, keçmişə sədaqət və doğmalıq hissi yaşayırsa, həmin ad artıq taleyin bir parçasına çevrilir. Hüseyn müəllimin ömür yoluna baxanda Ulu Öndərin ailə ocağından gələn dövlətə xidmət, ləyaqət, zəhmət və Vətənə bağlılıq ənənəsinin davamını da görürəm.
Bugün mən eyni zamanda həyatın yaratdığı çox gözəl bir mənəvi qarşılığı yaşayıram.
Bir vaxt mənim kitabımın ilk səhifələrində Hüseyn müəllimin sözü vardı. Bu gün Hüseyn müəllim haqqında yazılan kitabın səhifələrində mənim sözüm var.Dəyərli Zarife Zarifa xanım Quliyevanın qardaşı Hüseyn müəllimə həsr etdiyi “Diplomatiyamızın ağsaqqalı” kitabında mənim də qələmə aldığım məqalənin yer alması mənim üçün böyük qürurdur.Bir yazıçının yaşaya biləcəyi ən gözəl hisslərdən biri də budur: vaxtilə sənin yaradıcılığına dəyər verən, kitabının yoluna öz sözü ilə işıq salan bir insan haqqında illər sonra sən öz sözünü yazırsan.Bu məqalə mənim üçün çox xüsusi məna daşıyır.Burada illərin yaratdığı mənəvi bağ, qarşılıqlı ehtiram, sözə verilən qiymət və vaxtilə mənə göstərilən etimada qələmimlə ifadə etdiyim təşəkkür var.
Eyni zamanda böyük qürur hissi ilə qeyd edirəm ki, Hüseyn müəllimin bacısı, dəyərli Zərifə xanım Quliyeva ilə birgə çalışmağım da həyatımda xüsusi yer tutur. Modern İnkişaf və Ailə İctimai Birliyinin mətbuat katibi kimi fəaliyyət göstərərkən mənə göstərilən etimadın mənəvi məsuliyyətini hər zaman dərindən hiss edirəm.Bu etimad mənim üçün Ulu Öndər Heydər Əliyevin ailə yaddaşını, dövlətçilik düşüncəsini və mənəvi irsini yaşadan bir nəslin nümayəndələrinin sözümə, qələmimə və fəaliyyətimə verdiyi qiymətdir. Belə bir güvəni daşımaq böyük qürur, həmin güvənə layiq olmağa çalışmaq isə mənim üçün şərəfli məsuliyyətdir.
Hörmətli Hüseyn müəllim, 80 illik şərəfli ömür yolunuz münasibətilə Sizi ürəkdən təbrik edirəm.Azərbaycan dövlətinə həsr etdiyiniz illər, diplomatiyamıza verdiyiniz töhfələr, Azərbaycanla Özbəkistan arasında qurulan qardaşlıq körpülərinin möhkəmlənməsinə xidmətiniz və insanların yaddaşında qazandığınız böyük hörmət ömrünüzün ən qiymətli salnaməsidir.Allah Sizə möhkəm can sağlığı, uzun və işıqlı ömür versin.Ömrünüzün bundan sonrakı səhifələri də doğmalarınızın sevgisi, dostlarınızın ehtiramı, yetişdirdiyiniz xatirələrin hərarəti və qazandığınız böyük hörmətlə yazılsın.
Bu gün isə bir cümləni xüsusi qürur və kövrəkliklə yazıram:
Bir zaman “Qalib sərkərdənin zərif gücü – Mehriban Əliyeva” kitabımda Hüseyn Quliyevin sözü yaşayırdı. Bu gün “Diplomatiyamızın ağsaqqalı” kitabında mənim Hüseyn müəllim haqqında sözüm yaşayır. Həyat bəzən illərin içindən keçib insana elə gözəl mənəvi qarşılıqlar bəxş edir ki, onu ifadə etməyə sözün özü də kövrəlir...
80 yaşınız mübarək, dəyərli Hüseyn müəllim!
Sizə olan dərin hörmətim və ehtiramımla...
Aygül Bağırova
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









