Xəbərlər
25.08.2026, 21:40
Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

İncəsənət insanın gördüklərini olduğu kimi təkrarlamaq deyil. Həqiqi sənətkar gördüyü dünyanın arxasındakı mənanı duyur, onu öz təxəyyülündən keçirərək rəngə, xəttə, naxışa və formaya çevirir. Buna görə də sənət əsərinə baxanda yalnız görüntü görmürük; orada bir düşüncə, bir duyğu, bir yaddaş və sənətkarın həyata münasibəti yaşayır.
Rəssam Natiq Vaqif oğlu Nəcəfzadənin yaradıcılıq dünyasına nəzər salanda da ilk diqqəti cəlb edən məhz bu sənət axtarışıdır. O, öz yaradıcılıq yolunu “Təxəyyül” anlayışı ətrafında formalaşdıraraq həm fərdi sənət nümunələri yaradır, həm də müxtəlif yaradıcı insanları bir araya gətirən layihələrə imza atır.Natiq Nəcəfzadə 1982-ci ildə Bakı şəhərində anadan olub. Əslən İsmayıllı rayonunun Həftəsov kəndindəndir. O, mərhum şair Vaqif Nəcəfzadənin oğludur. Bu mənada onun sənət dünyasına gəlişində ailə mühitinin, sözə və yaradıcılığa bağlılığın xüsusi təsiri olduğunu düşünmək olar.
Onun peşəkar təhsil yolu da sənətə marağının təsadüfi olmadığını göstərir. 1997–2000-ci illərdə 12 saylı Bakı Peşə Liseyində “reklam tərtibatı üzrə icraçı rəssam”, 2001–2005-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “xalçaçı rəssam” ixtisası üzrə təhsil alıb və akademiyanı fərqlənmə diplomu ilə bitirib.Xalçaçılıq Azərbaycan xalqının qədim sənət yaddaşının mühüm hissəsidir. Naxışların dili, ornamentlərin mənası, rənglərin harmoniyası və əsrlərdən gələn estetik düşüncə bu sənətdə öz əksini tapır. Dekorativ sənətə və milli ornamentlərə marağın xüsusi yer tutması da onun yaradıcılıq yolunun mühüm istiqamətlərindən biridir.
2022-ci ildə keçirilən “Zəfər: Qədim və Müasir Naxışlarda” adlı ilk fərdi sərgi bu baxımdan diqqətəlayiqdir. Sərginin adında yer alan “qədim və müasir” ifadələri də sənətkarın yaradıcılıq axtarışlarının əsas istiqamətlərindən birini göstərir: milli sənət ənənələrini qorumaqla onları müasir baxışla təqdim etmək.
2024-cü ildən o, “Təxəyyül Art Group”un təsisçisi və rəhbəridir. Bu fəaliyyət onun sənət anlayışının yalnız şəxsi yaradıcılıqla məhdudlaşmadığını göstərir. O, müxtəlif sənət adamlarını bir araya gətirir, sərgilərin təşkilində iştirak edir, gənc istedadların yaradıcılıq imkanlarının üzə çıxarılmasına şərait yaradır.
“Təxəyyül” adı da təsadüfi seçilmiş kimi görünmür. Çünki sənətin başlanğıcında təxəyyül dayanır. Rəssam əvvəlcə xəyal edir, hiss edir, düşünür, sonra bütün bunları rəng və forma ilə ifadə edir. Təxəyyül rəngə çevriləndə isə sənət yaranır.
Son illərdə “Təxəyyül Art Group”un iştirakı və təşkilatçılığı ilə keçirilən müxtəlif sərgilər bu yaradıcılıq istiqamətinin genişliyindən xəbər verir. “Təxəyyülün incə çalarları”, “Böyük Dühаnın Musiqi İşığı”, “Şərqin Təxəyyül Əfsanələri”, “Təxəyyülün müxtəlif rəngləri” kimi layihələrdə Azərbaycan mədəniyyətinin müxtəlif çalarları, milli dəyərlər, musiqi və rəssamlıq sənəti bir araya gətirilib.
Xüsusilə Üzeyir Hacıbəylinin 140 illiyinə və Milli Musiqi Gününə həsr olunmuş “Böyük Dühаnın Musiqi İşığı” sərgisi sənətin müxtəlif sahələri arasında mənəvi körpü yaratması baxımından maraq doğurur. Musiqi səslə, rəssamlıq rənglə danışır. Amma hər ikisinin ünvanı insan ruhudur.
Sənətkarın yaradıcılıq fəaliyyətində uşaqlara və gənclərə göstərilən diqqət də xüsusi qeyd olunmalıdır. Gənc nəslin rəsm sənətinə marağının artırılması, onların öz yaradıcılıq imkanlarını nümayiş etdirməsinə şərait yaradılması gələcəyə yönəlmiş mühüm addımlardandır. Bu istiqamətdə keçirilən sərgi və müsabiqələr həm yeni istedadların üzə çıxmasına, həm də sənətə marağın genişlənməsinə xidmət edir.
Rəssamın müxtəlif sərgi və müsabiqələrdə əldə etdiyi uğurlar da onun yaradıcılıq fəaliyyətinin nəticələrini göstərir. “Olimpiya və İncəsənət” rəsm sərgisində həvəsləndirici mükafata, “Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsində isə üçüncü yerə layiq görülməsi onun sənət fəaliyyətinə verilən qiymətin göstəricilərindəndir.
Yaradıcılıq fəaliyyəti Azərbaycanın sərgi məkanı ilə də məhdudlaşmır. Misir Mədəniyyət və Turizm əlaqələri Mərkəzi ilə əməkdaşlıq çərçivəsində keçirilən “Şərqin Təxəyyül Əfsanələri” sərgisi və digər mədəni layihələr Azərbaycanla Şərq ölkələri arasında sənət əlaqələrinin inkişafına töhfə verən təşəbbüslər sırasında yer alır.
Sənət yolu mənim də diqqətimdən kənarda qalmayıb. Onun haqqında məlumatlara mənim “Babadağa baxan ellər–2” adlı ensiklopedik kitabımda da yer vermişəm. Bu kitabda Azərbaycan ictimai-mədəni həyatında öz izi olan insanların fəaliyyətini, yaradıcılıq yolunu və gördükləri işləri gələcək nəsillər üçün yaddaşa köçürməyə çalışmışam.
Natiq Nəcəfzadənin yaradıcılığı və sənət fəaliyyəti də bu baxımdan diqqətəlayiqdir. Onun rəssamlıq fəaliyyəti, dekorativ sənətə bağlılığı, “Təxəyyül Art Group” ətrafında həyata keçirdiyi layihələr və müxtəlif sərgilərdə iştirakı müasir Azərbaycan sənət mühitində öz yaradıcılıq yolunu formalaşdıran sənətkar kimi onu səciyyələndirir.
Əlbəttə, sənətkar haqqında yalnız aldığı mükafatlar, iştirak etdiyi sərgilər və həyata keçirdiyi layihələr əsasında danışmaq kifayət deyil. Rəssamın əsl dünyası onun əsərlərində yaşayır. Orada onun rəng seçimi, milli yaddaşa münasibəti, estetik zövqü və həyata baxışı görünür.
Yaradıcılıq yolunun maraqlı tərəfi də budur: o, bir tərəfdən Azərbaycan dekorativ sənətinin və xalçaçılıq ənənəsinin imkanlarından bəhrələnir, digər tərəfdən isə müasir yaradıcılıq axtarışlarına açıq qalır. Keçmişi qorumaqla yenini axtarmaq, ənənəni sadəcə təkrarlamadan ona yeni nəfəs vermək sənətkar üçün asan yol deyil.
Bu yol daim axtarış tələb edir.
Bəlkə də “Təxəyyül”ün əsas mənası elə buradadır. Eyni rəngə başqa gözlə baxmaq, qədim bir naxışda yeni məna tapmaq, keçmişdən gələn sənət nümunəsini müasir düşüncənin işığında yenidən dəyərləndirmək...
İncəsənət insanın dünyada qoyduğu izlərdən biridir. Rəssam isə bu izi rənglərlə yazır.
O da öz yaradıcılıq yolu ilə həmin rəngli izi yaratmağa çalışan sənətkarlardandır. Onun sərgiləri, yaradıcılıq layihələri, gənclərə və uşaqlara göstərdiyi diqqət, sənət adamlarını bir araya gətirmək istiqamətindəki fəaliyyəti göstərir ki, onun üçün sənət yalnız şəxsi yaradıcılıq deyil. Sənət həm də paylaşmaq, öyrətmək, dəstək olmaq və yeni yaradıcılıq yollarına işıq salmaqdır.
Rənglər dəyişir, sərgilər başa çatır, zaman keçir. Amma sənət yadda qalır.
Natiq Nəcəfzadənin də bu rəngli yolda öz imzasını yaratmaq cəhdi davam edir.
Və bu yolun adı, onun yaradıcılıq dünyasının özündə olduğu kimi, “Təxəyyül”dür.
Təranə Cəbiyeva
Yazıçı-publisist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









