UNİVERSİTETƏ GEDƏN YOL
Hacıyev İman Əlipənah oğlu

İnsanın həyatında elə qapılar var ki, açılan kimi arxasında tamam başqa dünya görünür. Universitet qapısı da belədir: o qapıdan içəri girən adam əvvəlcə tələbə olur, sonra isə yavaş-yavaş anlayır ki, əslində, ömrünün yeni mərhələsinə qədəm qoyub. Bu baxımdan daha yaxından tanıdığımız, kiçik qardaş hesab etdiyimiz İman Əlipənah oğlu Hacıyevin Bakı Dövlət Universitetinin (BDU) Mədən mühəndisliyi ixtisas qrupuna (dövlət sifarişi əsasında) daxil olması təkcə ali məktəbə qəbul xəbəri deyil, ailənin, doğmaların və onu tanıyan insanların sevincinə çevrilən gözəl hadisədir.
Vaxtilə auditoriyalarına, dərs otaqlarına qədəm basdığım BDU elə bir addır ki, onu deyəndə adamın ağlına yalnız auditoriyalar, imtahanlar, kitablar gəlmir. Bu adın içində Azərbaycanın elm tarixindən bir parça, neçə-neçə alim ömrü, neçə-neçə tələbə arzusu var. İndi həmin arzuların birinin də adı İmandır.


Universitetə daxil olan İman bəlkə də ilk günlər BDU-nun divarlarına adi divar kimi baxacaq. Sonra anlayacaq ki, bu divarlar çox şey görüb. Buradan neçə-neçə gənc keçib, neçə-neçə insan həyatının ən maraqlı illərini burada yaşayıb. Kimi alim olub, kimi müəllim, kimi yazıçı, kimi dövlət adamı... Kimi də, sadəcə, yaxşı insan olmağı öyrənib. Əslində, universitetin ən böyük dərsi də budur: insan təkcə peşə öyrənmir, özünü tanımağı öyrənir.
Tələbəlik qəribə bir aləmdir. Bir tərəfdən adam özünü böyük hesab edir, çünki artıq “məktəbli” deyil. O biri tərəfdən isə həyatın qarşısında hələ çox balacadır. Cibdə tələbə bileti, ürəkdə min arzu, başda min sual... Səhərlər dərsə tələsirsən, axşam nə oxuduğunu düşünürsən, imtahan vaxtı isə kitabın üzünə baxıb həyatın mənasını axtarırsan. Bir də görürsən ki, tədris müddəti keçib. Dünən auditoriyaya ilk dəfə girən İman bu gün məzuniyyət haqqında düşünür.
Amma tələbəlik yalnız kitabdan-kitabdan ibarət deyil. Bu illər insanın xarakterinin cilalandığı illərdir. Dostluqlar yaranır, insanlar tanınır, həyatın həm şirin, həm də acı tərəfləri görünür. Adam öyrənir ki, hər yüksək qiymət böyük uğur deyil, hər aşağı qiymət də dünyanın sonu deyil. Əsas məsələ yıxılanda ayağa qalxmağı bacarmaqdır.
İman üçün BDU yeni bir yolun başlanğıcıdır. Bu yolun necə davam edəcəyini isə yalnız qiymətlər yox, onun zəhməti, iradəsi, insanlara münasibəti və özünə qarşı tələbkarlığı müəyyən edəcək. Universitet ona çoxlu bilik verəcək, amma həyatın ən mühüm imtahanlarının auditoriyadan kənarda olduğunu da göstərəcək.
İnsanın adı da qəribə məsələdir. “İman” adı özü böyük məsuliyyət daşıyır. İman yalnız ad deyil, həm də inam deməkdir: ÖZÜNƏ İNAM, ZƏHMƏTİNƏ İNAM, GƏLƏCƏYƏ İNAM. Gənc adamın ən böyük sərvəti də elə budur. İnam varsa, yolun daşları adamı qorxutmur. İnam yoxdursa, hamar yolun özü də adama uzun görünür.
Bu gün İmanın sevincinə sevinənlərin arzusu birdir: qoy BDU onun üçün təkcə diplom alınan (verilən) məkan olmasın. Qoy bu universitet onun düşüncələrinin böyüdüyü, dünyagörüşünün genişləndiyi, yaxşı insanlarla tanış olduğu və gələcəyinə möhkəm təməl qoyduğu məktəb – müəqddəs ocaq olsun. Çünki universiteti bitirmək asandır, amma universitet illərindən yaxşı insan kimi çıxmaq daha böyük məsələdir.
İman Əlipənah oğlu Hacıyevə bu yeni yolunda uğurlar arzulayırıq. Qoy tələbəlik illərinin hər günü yaddaşında xoş bir iz buraxsın. Qoy imtahanları uğurla keçsin, kitabları çox, dostları yaxşı, müəllimləri xeyirxah olsun. Ən əsası isə, BDU-nun qapısından daxil olduğu gün ürəyində olan o böyük arzuları illər keçəndən sonra da unutmasın. Çünki insanın həyatda qazandığı ən qiymətli şeylərdən biri də budur: vaxtilə xəyal etdiyi yerə çatanda, oraya hansı ümidlərlə yola çıxdığını xatırlamaq!..
İman artıq yoldadır!
Qapı açılıb!
İndi yol onun yoludur!...

Və sonda İmana istəyimizi, sevgimizi və tələbə adını qazanması münasibətilə arzularımızı şeirlə bitirmək istəyirik. Bu arzulara bir daha Turaz.tv saytının rəhbəri, atanın dostu Cəmil Zəbhullaoğlu da qoşulur, səni qəlbən təbrik edir, sənə təhsil ilinin uğurlarını, tələbə sevincini yaşamağı arzulayır.

Tələbə adın mübarək, ay İman

Tələbə adın mübarək, ay İman,
Bu gün sevinc dolu günündür sənin.
Arzular yolunda açılıb cığır,
Uğurla döyünür ürəyin sənin.

BDU-nun qapısı üzünə açıq,
Qarşında bir dünya — işıqlı, böyük.
Kitablar sirdaşın, elm yol yoldaşın,
Qoy hər addımın da olsun uğurlu.

İllərin ən gözəl çağıdır bu çağ,
Gəncliyin qoy yazsın öz dastanını.
Bir gün xatırlayıb tələbə günün,
Gülümsə sevə-sevə o zamanını.

İman adın kimi inamın olsun,
Çətinlik önündə əyilmə heç vaxt.
Zəhmətin yoluna çıraq tək düşsün,
Ümidin sönməsin, ürəyin solmaz.

Ananın sevincdən dolsun gözləri,
Atanın köksü də qoy qürurlansın.
Bu günün sevincini görən hər kəsin,
Ürəyində min bir arzu yaşasın.

O müəllimlərin səni xoş ansın,
Dostların yanında dayaq olsunlar.
Hər yeni semestrdə, hər imtahanda,
Uğurun üstünə uğur qoysunlar.

Tələbəlik keçici, külək kimidir,
Amma xatirəsi qalır ömürdə.
Universitetdə başlayan tələbə yolun,
Sabah adın olsun böyük ümiddə.

Ay İman, tələbə adın mübarək,
Hamı bir ağızdan gəərək biz deyək.
Bu gün qazandığın tələbə adın
Böyük uğurlara nümunə olsun!

Tələbə adın mübarək, ay İman —
Uğurlar yazılsın ömrün anına.
BDU-da başlayan bu gözəl yolun,
Çatsın arzuların pik zirvəsinə!


Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31