Azərbaycan poeziyasının unudulmaz nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun ömrünün son dönəmlərində qələmə aldığı bu şeir, təkcə bədii fəlsəfəsi ilə deyil, həm də daşıdığı dərin insani duyğularla seçilən unikal bir sənət nümunəsidir. 2016-cı ilin avqust ayında, Təbrizdən ustadı ziyarətə gələn Zülfüqar və Hacıbalaca Abdullahi qardaşlarının görüşü zamanı yaranan bu misralar, şairin vəfalı ömür-gün yoldaşı Sahibə xanıma ünvanlanmış bir sevgi, minnətdarlıq və vida nəğməsidir. Şair ilk misralarda xarici aləmlə daxili aləmin, yəni ev mühitinin kəskin fərqini ortaya qoyur.

Yüzü yüz söz desin çöldə-bayırda,
Bu evin zəhməti sənə düşəcək.
Qayğının böyüyü, yükün ağırı,
İşin əziyyəti sənə düşəcək.


deyərək, xaricdə hamının danışa, təriflər yağdıra biləcəyini, lakin gerçək həyatın və ailə ocağının bütün real ağırlığının məhz qadının çiynlərində olduğunu vurğulayır. Zəlimxan Yaqub xəstəliklə mübarizə apardığı o çətin dönəmdə dildə deyilən sözlərin keçici olduğunu, əsl fədakarlığın isə Sahibə xanımın çəkdiyi zəhmət olduğunu səmimi şəkildə etiraf edir. Burada "yükün ağırı" ifadəsi həm fiziki xidməti, həm də böyük mənəvi məsuliyyəti simvolizə edir. Daxili sarsıntılar və xəstəliyin gətirdiyi mənəvi ağrılar şeirin növbəti misralarında daha da dərinləşir.

Ürəkdə, könüldə talan var, talan
Kimdi bu şeyləri vecinə alan.
Yenə sən olarsan qeydinə qalan,
Bu ömrün həsrəti sənə düşəcək.


misrası yaradıcı insanın cismani zəifliklə ruhun əbədiliyi arasında çırpınmasını ifadə edir. Kənar insanların bu daxili fırtınalardan xəbərsiz olduğunu bildirən şair, yeganə sığınacaq və dərdortağı kimi yenə də öz həyat yoldaşını görür. O, dərk edir ki, özü bu dünyadan köçəndən sonra yaşanmış ömrün xatirəsi və həsrəti də ən çox Sahibə xanımı yandıracaq.Bu əsər həm də Sahibə xanımın simasında dahi bir Azərbaycan qadınının, ana və xanım obrazının ümumiləşdirilməsidir.

Bilirsən yerini qaranın, ağın
Bilirsən dilini xəstənin, sağın.
Bizim evimizə gələn qonağın,
Hörməti, izzəti sənə düşəcək.


misrası onun həyat müdrikliyini, xəstə ilə sağın dilini tapmaq isə onun sonsuz səbrini və şəfqətini göstərir. Şeirin yazılma tarixinə səbəb olan Təbriz qonaqlarının ziyarəti də məhz bu məqamda bədii əksini tapır. Zəlimxan Yaqub qonaqpərvərliyi ilə tanınan evinin reallığını təsvir edir: ocağın qonaq-qaralı olmasının şərəfi ustadın olsa da, o qonaqları qarşılamaq, ağırlamaq yükü və izzəti yenə də xanımın üzərinə düşür.Şairin xanımına qarşı bəslədiyi dərin məhəbbət bəşəri bir istiliklə təsvir olunur.

Yaxın gəl, könlümün odunda qızın
Olmasın sızıltın, olmasın sızın.
Oğulun, uşağın, gəlinin, qızın,
Böyük məhəbbəti sənə düşəcək.


misrası ilə o, fiziki cəhətdən zəifləsə də, mənəvi aləminin hələ də isti və sevgi dolu olduğunu bildirir.
Ömür-gün yoldaşının inciməsini, acı çəkməsini istəməyən ustad şair, ona təsəlli verərək gələcəyə boylanır.

Ailənin, övladların və gələcək nəsillərin Sahibə xanıma göstərəcəyi tükənməz sevgi və hörmətin məhz onun bu gün çəkdiyi əziyyətlərin bəhrəsi olacağını müjdələyir.

Daha fayda verməz nə haray, nə ün,
Çökəcək qaranlıq, əyiləcək gün.
Mən köçüb gedəndə mənim ömrümün,
Ən böyük rəhməti sənə düşəcək.


Şeirin kulminasiya nöqtəsi və fəlsəfi yekunu isə qaçılmaz sonla barışmaqdır. Şair taleyi ilə barışsa da, fiziki yoxluğundan sonranı da düşünür. "Ən böyük rəhməti sənə düşəcək" misrası mistik bir mənaya sahibdir: xalqın Zəlimxan Yaqub ruhuna oxuyacağı dualar, sevgi və rəhmət, onun xatirəsini layiqincə yaşadan və ona qulluq edən vəfalı həyat yoldaşının da üzərinə nur kimi yağacaqdır. Şair öz rəhmətini xanımına miras qoyur. Zəlimxan Yaqubun bu şeiri sadəcə bir poeziya nümunəsi deyil, bəşəri bir vəfa bəyannaməsidir. Ustad şair sənətkar ucalığı ilə yanaşı, bir həyat yoldaşı kimi Sahibə xanımın qarşısında baş əyir, onun əməyini əbədiləşdirir. Hər bənddə "sənə düşəcək" rədifinin təkrarlanması, gələcək çətinliklərin xəbərdarlığı olmaqla bərabər, həm də bu missiyanı yalnız və yalnız güclü, fədakar və müqəddəs bir Azərbaycan qadınının daşıya biləcəyinə olan sonsuz inamın ifadəsidir. Bu şeir, böyük sənətkarın öz həyat yoldaşının adına ucaltdığı ən gözəl mənəvi abidədir.

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.

Son xəbərlər

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31