Xəbərlər
29.08.2026, 00:18
KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR
HACIHƏTƏMLİDƏ DOĞULAN DİLARƏ AĞAKİŞIYEVANIN ÖMÜR YOLUNDA DOĞMA YURD, KİTAB VƏ ƏDƏBİYYAT BİRİ-BİRİNİ TAMAMLAYAN ÜÇ MƏNƏVİ DAYAĞA ÇEVRİLİB
(ESSE)
İnsan haqqında yazmaq çətin işdir. Xüsusən də onun ömrünü yalnız bir neçə cümləyə sığışdırmaq istəyirsənsə. Çünki insan bir ad-soyaddan, bir vəzifədən, bir tərcümeyi-hal sətrindən ibarət deyil. Hər insanın arxasında bir ev, bir ailə, bir kənd, bir uşaqlıq, bir məktəb, yüzlərlə xatirə və bəzən özü də bilmədən daşıdığı böyük bir mənəvi yük dayanır.
Dilarə Ağakişiyevanın həyat yolundan söz düşəndə isə ilk yada düşən məkan İsmayıllı rayonunun Hacıhətəmli kəndidir.
Hər kəndin öz taleyi, öz səsi, öz yaddaşı var. Kəndləri biri-birindən ayıran təkcə yollar, dağlar, çaylar deyil. Hər kəndin adamlarının danışığında, dünyaya baxışında, biri-birinə münasibətində özünəməxsusluq yaşayır. Hacıhətəmli də belə yaşayış məskənlərindəndir. Burada insanın həyata münasibətinə torpağın, zəhmətin, ailənin, qonşuluğun və el-obanın təsiri az deyil. Belə mühitdə böyüyən insan üçün kitab da yad bir dünya olmur. Əksinə, kitabda gördüyü həyatla öz həyatının arasında körpülər qurur.
Dilarə Ağakişiyevanın ömür yolunda da həmin körpünün xüsusi yeri var.
KƏND İNSANIN YADDAŞINDA BAŞLAYIR
Kənddən çıxmaq asandır, kəndi insanın içindən çıxarmaq çətindir. Adam illərlə başqa şəhərlərdə yaşaya bilər. Başqa küçələr, başqa evlər, başqa insanlar görə bilər. Amma uşaqlıqda keçdiyi bir torpaq yol, bir bulağın səsi, həyətin bir ağacı, qapının ağzında deyilmiş adi bir cümlə illər sonra qəfil yadına düşür və insan anlayır ki, doğulduğu yer heç vaxt ondan uzaqlaşmayıb.
Kəndin ən böyük sərvəti də budur: o, insanın yaddaşında yaşayır.
Hacıhətəmli də Dilarə Ağakişiyevanın yaddaşında, təbii ki, yalnız coğrafi ad kimi qalmayıb. Doğma kənd onun dünyagörüşünün formalaşdığı mənəvi məkandır.
Kənddə insan həyata erkən başlayır. Zəhmətin nə olduğunu görür. Çörəyin süfrəyə necə gəldiyini bilir. Böyük-kiçik münasibətini öyrənir. Qonşuluğun nə demək olduğunu anlayır. Bir sözlə, həyatın nəzəriyyəsini kitabdan əvvəl praktik şəkildə mənimsəyir. Bəlkə də buna görə kənddən çıxan ziyalının dünyaya baxışında həmişə bir qədər torpaq, bir qədər təbiət, bir qədər də insan səmimiyyəti olur.
Dilarə Ağakişiyevanın kitab və ədəbiyyatla bağlı fəaliyyətində də bu səmimiyyətin izlərini görmək mümkündür.
ÖMÜR AĞACININ YARPAQLARI
Dilarə Ağalar qızı Ağakiçiyeva 1957-ci ilin iyun ayında İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. 1974-cü ildə Hacıhətəmli kənd orta məktəbini əla qiymətlərlə başa vurub. 1975-1977-ci illərdə N.Krupskaya adına Bakı kitabxanaçılıq texnikumunu bitirib. 1977-1982-ci illərdə Kuybişev adina üzümcüluk sovxozunda azad komsomol komitə katibi işləyib. Əməyim dəfələrlə yüksək qiymətləndirilib, "Əmək iğidliyinə ğorə" medalı ilə təltif olunub. Komsomol işinin təşkilində Zaqafqasiziya komsomol məktəbinin keçirdikləri mühazirələr əvəzolunmaz idi. Komsomol işini necə təşkil etmisdisə, o xatirələr hələ də insanların qəlblərindədir. İndi də kəndə gedəndə ona "komsomol" deyə müraciət edirlər.
1982-ci ildən ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərində yaşayır. 1988-ci ildən Sumqayıt şəhər mərkəzləşdirilmiş kitabxana sistemində və Nizami Gəncəvi adına kitabxana-klubda multimedia mutəxəssisi kimi isləyib. Oxucuları mütaliəyə cəlb eləmək, onları düzgün istiqamətləndirmək, tədbirləri yüksək səviyyədə təşkil etmək yüksək bacarıq və bilik tələb edirdi. Həmişə bunların öhdəsindən bacarıqla gəlib.
Hazirda təqaüddədir. Dəfələrlə fəxri fərmanlarla, Azərbaycan Mədəniyyət İşciləri Həmkarlar İttifaqi Respublika Komitəsinin fəxri fərmani və pul mükafatı ilə təltif olunub.
Atası Ağalar Hümbət oğlu Ağakişiyev uzun illər mühasib işləyib. Anası Nurcahan Lətif qızı Ağakişiyeva evdar qadın olub.
Oğlu Ruslan Maxsud oğlu Rəhimov ali təhsilli energetik mühəndisidir. Hazırda öz ixtisası üzrə işləyir. O biri oğlu Rafael Maxsud oğlu Rəhimov ali təhsilli kimyacidır. Ozəl şirkətlərin birində ixtisası üzrə - kimyaci mühəndis kimi fəaliyyət ğostərir.
İki övladi, nəvələri var
1978-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna eksperiment yolu ilə qəbul olunub. Amma inadına, tərsliyinə görə ali təhsili başa çatdıra bilməyib.
Xasiyyətcə mülayim, həm də lazımi yerdə çox sərtdir.
GƏNCLİK İLLƏRİNİN İCTİMAİ MƏKTƏBİ
Həmsöhbətim Dilarə Ağakişiyevanın ömür yolunda ayrıca diqqət çəkən mərhələlərdən biri də gənclik illərində İsmayıllı rayonundakı Kuybışev adına üzümçülük sovxozunun komsomol təşkilatının katibi kimi fəaliyyət göstərməsi olub. Bu vəzifəni onun həyatında təkcə keçmişdə qalmış iş yeri deyil, həm də ictimai fəaliyyətinin ilk mühüm məktəblərindən biri kimi qiymətləndirə bilərik.
O illərin kənd həyatı bugünkü həyatla müqayisə olunmayacaq dərəcədə fərqli idi. Sovxozlar yalnız kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfatlar deyildi. Onların ətrafında bütöv bir sosial həyat formalaşırdı. Əmək kollektivləri, gənclər təşkilatları, müxtəlif ictimai tədbirlər, mədəni-kütləvi görüşlər kəndin gündəlik həyatının ayrılmaz hissəsi idi. Belə bir mühitdə komsomol təşkilatına rəhbərlik etmək gənc insan üçün ciddi məsuliyyət tələb edirdi. Burada təşkilatçılıq, insanlarla ünsiyyət qurmaq, kollektivlə işləmək, müxtəlif tədbirlərin hazırlanmasında iştirak etmək və ictimai məsələlərə münasibət bildirmək kimi bacarıqlar ön plana çıxırdı. Dilarə xanımın sonrakı həyat yoluna nəzər salanda bu mərhələ xüsusilə maraqlı görünür. Çünki illər sonra onun fəaliyyət istiqaməti dəyişsə də, insanlarla işləmək təcrübəsi öz əhəmiyyətini itirməyib. Mən də vaxtilə Basqal qəsəbəsində - “Kommunizm yolu” sovxoz komsomol komitəsinin ilk katibi kimi işləyəndə bu duyğuları yaşamışam. Ona görə Dilarə xanımın bu sahədəki fəaliyyəti mənə çox tanışdır.
Sovxozun komsomol təşkilatında qarşısında gənclər dayanırdısa, sonrakı kitabxana fəaliyyətində onun ünsiyyətdə olduğu insanlar oxucular oldu. Əvvəllər gənclərin ictimai fəallığının təşkilinə xidmət edən fəaliyyət sonralar kitabın, mütaliənin və ədəbiyyatın təbliğinə yönəldi.
Burada həyat yolunun maraqlı bir ardıcıllığı görünür: ictimai fəallıqdan maarifçiliyə, təşkilatçılıqdan kitabxanaçılığa, gənclərlə işdən oxucularla işə.
İnsan həyatda bir peşədən digərinə keçə bilər, amma qazandığı təcrübə onunla birlikdə yol gedir. Gənclik illərində formalaşan ünsiyyət və təşkilatçılıq bacarığı sonrakı fəaliyyətin də mühüm dayaqlarından birinə çevrilir. Kənd mühitinin özü də bu təcrübənin formalaşmasında xüsusi rol oynayırdı. Sovxoz həyatı insanları biri-birinə daha yaxın edir, kollektiv əmək və ictimai münasibətlər hər kəsi müəyyən mənada biri-birinə bağlayırdı. Burada insanı tanımaq, onunla dil tapmaq, kollektivin əhval-ruhiyyəsini duymaq mühüm bacarıq idi.
Dilarə Ağakişiyevanın sonrakı fəaliyyətində insan amilinin ön plana çıxması, ədəbi tədbirlərdə fəal iştirakı, oxucularla ünsiyyəti və maarifçilik istiqamətindəki fəaliyyəti baxımından onun gənclik illərindəki ictimai təcrübəsi xüsusi maraq doğurub.
Beləliklə, Dilarə xanımın həyat yolunu yalnız kitabxana fəaliyyəti ilə başlamaq düzgün olmazdı. Onun ictimai fəaliyyəti daha əvvəl - kənd həyatının içində, sovxoz əməkçiləri və gəncləri arasında başlayıb. Bu mənada Kuybışev adına üzümçülük sovxozunun komsomol təşkilatında katiblik etdiyi illər onun həyat kitabının ilk ictimai səhifələrindən biridir.
Sonrakı səhifələrdə isə kitablar, ədəbiyyat, oxucular və maarifçilik gəldi.
Bir vaxtlar sovxozun gəncləri ilə işləyən Dilarə xanım sonralar insanları kitaba yaxınlaşdıran bir ziyalı kimi fəaliyyətini davam etdirdi.
İllər, vəzifələr və fəaliyyət sahələri dəyişdi. Amma bir keyfiyyət dəyişmədi: insanlarla işləmək və cəmiyyət üçün faydalı olmaq istəyi!
KİTABXANA – SƏSSİZ, AMMA BÖYÜK MƏKTƏB
Kitabxana haqqında danışanda çox vaxt kitab rəfləri, kataloqlar, oxucu biletləri yada düşür. Halbuki kitabxana bunlardan daha böyük anlayışdır.
Kitabxana yaddaşdır...
Kitabxana məktəbdir...
Kitabxana insanın özü ilə baş-başa qala bildiyi məkanlardan biridir...
Bu gün texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın saniyələr ərzində yayıldığı bir zamanda kitabxananın rolunun azaldığını düşünənlər də var. Amma informasiya bolluğu ilə bilik bolluğunu eyniləşdirmək olmaz.
Bu gün insan bir neçə saniyə ərzində minlərlə məlumat əldə edə bilər. Lakin həmin məlumatın hansının doğru, hansının yanlış olduğunu ayırmaq, onu dərk etmək və düşüncəyə çevirmək tamam başqa məsələdir.
Kitabın gücü də məhz buradadır. Kitab insana tələsməməyi öyrədir. Oxucu səhifəni çevirməlidir. Düşünməlidir.
Bəzən bir cümlənin üzərində dayanmalıdır...
Bəzən oxuduğu fikirlə razılaşmamalıdır...
Bəzən müəlliflə mübahisə etməlidir...
Əsl mütaliə də elə budur!..
Kitabxanaçı isə bu prosesin səssiz iştirakçısıdır...
Dilarə Ağakişiyeva fəaliyyətini də belə bir missiyanın - kitabın, mütaliənin və ədəbi irsin təbliğinin üzərində qurmuşdu.
SÖZ ADAMLARINI YAŞATMAQ
Dilarə Ağakişiyevanın vaxtilə müxtəlif ədəbi tədbirlərdə iştirakı onun fəaliyyətinin yalnız kitabxananın gündəlik işi ilə məhdudlaşmadığını göstərib.
Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı kimi Azərbaycan ədəbiyyatının böyük simalarının yaradıcılığına həsr olunmuş tədbirlərdə iştirak etmək, onların əsərləri və ideyaları haqqında danışmaq, oxucuların diqqətini klassik irsə yönəltmək mühüm maarifçilik fəaliyyəti idi. Çünki klassik ədəbiyyat, sadəcə, keçmişin yadigarı deyil, eyni zamanda bu günlə danışan keçmişdir.
Mirzə Cəlilin əsərlərini oxuyarkən yüz il əvvəlki cəmiyyətlə qarşılaşırıq. Amma həmin əsərlərdə insan xarakterini, cəmiyyətin problemlərini, savad və maariflənmənin əhəmiyyətini gördükcə anlayırıq ki, zaman dəyişsə də, insanın bir çox sualı dəyişməz olaraq qalır.
Cəfər Cabbarlının yaradıcılığında da insanın azadlığı, maariflənmə, qadının cəmiyyətdə yeri, yeniləşmə və tərəqqi kimi məsələlər mühüm yer tutur.
Bu əsərlərin gənc nəslə çatdırılması, onların müzakirəyə çıxarılması, oxucuların klassik irslə tanışlığının genişləndirilməsi kitabxana fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. D.Ağakişiyeva da zamanında belə tədbirlərdə fəal bir insan olaraq ədəbiyyata münasibətinin peşə çərçivəsini aşdığını göstərirdi.
KİTABIN RƏFİ İLƏ İNSANIN ÜRƏYİ ARASINDA
Kitabxanada işləyən insan hər gün müxtəlif xarakterli adamlarla qarşılaşır.
Kimsə bir kitabı imtahan üçün istəyir...
Kimsə maraq üçün...
Kimsə müəllimin tapşırığı ilə gəlir...
Kimsə isə, sadəcə, bir az sakitlik axtarır...
İnsanların kitabxanaya gəlmək səbəbləri müxtəlif ola bilər, amma hamısının bir ortaq cəhəti var: onlar hansısa cavabın, hansısa fikrin, hansısa hissin ardınca gəlirlər. Kitabxanaçı bunu anlamalıdır.
Bəzən oxucu özü də bilmir nə axtardığını. Bir kitab götürür, sonra qaytarır. Başqasını götürür. Üçüncünü soruşur. Bəlkə də onun axtardığı kitab yox, özüdür. Əsl kitabxanaçının işi məhz burada başlayır.
Dilarə Ağakişiyevanın fəaliyyətinə də bu prizmadan baxanda kitabxanaçılığın nə qədər məsuliyyətli iş olduğu aydın görünüb.
Kitabı oxucuya çatdırmaq asandır. Əsas məsələ kitabı oxucunun dünyasına çatdırmaqdır.
ZİYALILIĞIN SƏSSİZ TƏRƏFİ
Ziyalı sözünü çox işlətmişik. Bəzən bu sözün mənası da bir qədər adiləşib. Halbuki ziyalılıq yalnız diplom, vəzifə və ya çox kitab oxumaq deyil, ilk növbədə, düşünmək və düşündüyünü cəmiyyət üçün faydalı işə çevirməkdir. Bu mənada kitabxanaçının fəaliyyəti səssiz ziyalılıq nümunələrindən biridir. Burada böyük tribunalar yoxdur. Bəzən alqış da yoxdur.
Amma iş var…
Oxucu var…
Kitab var…
Mütaliə var…
Və ən əsası, gələcək var…
Bir uşağın kitabxanaya gəlib ilk kitabını götürməsi adi hadisə kimi görünə bilər. Lakin həmin uşağın gələcəkdə hansı insan olacağını heç kim əvvəlcədən bilmir.
Bəlkə müəllim olacaq!..
Bəlkə həkim…
Bəlkə mühəndis...
Bəlkə jurnalist…
Bəlkə də, sadəcə, kitab oxumağı sevən, düşüncəli və savadlı vətəndaş. Amma bütün bu ehtimalların başlanğıcında bəzən bir kitab dayanır. Həmin kitabı ona təqdim edən insanın əməyini isə illər sonra heç kim xatırlamaya bilər. Bu, kitabxanaçılığın görünməyən tərəfidir.
DOĞMA YURD VƏ MƏNƏVİ MƏSULİYYƏT
Hacıhətəmli kimi kəndlərin bir üstünlüyü də ondadır ki, orada insanın keçmişlə əlaqəsi daha canlı qorunur. Kənd adamı adət-ənənəni daha yaxından görür. Sözün, böyüyün, ailənin, torpağın qədrini daha erkən anlayır. Bu dəyərlər insanın sonrakı həyatında da onu müşayiət edir. Dilarə Ağakişiyevanın doğma kəndlə bağlılığına da bu baxımdan yanaşmaq olar.
İnsan harada işləməsindən, hansı vəzifəni daşımasından asılı olmayaraq, doğulduğu yerə qarşı müəyyən mənəvi məsuliyyət hiss edir. Çünki kənd yalnız doğum yeri deyil.
Kənd insanın ilk məktəbidir…
İlk müəllimidir…
İlk yaddaşıdır…
İlk dünyasıdır…
Hacıhətəmli də Dilarə Ağakişiyevanın həyatında məhz belə bir başlanğıc nöqtəsidir.
KEÇMİŞDƏN GƏLƏCƏYƏ UZANAN KÖRPÜ
Azərbaycanın rayon və kəndlərində fəaliyyət göstərən kitabxanaların mühüm missiyalarından biri də milli-mədəni irsin qorunmasıdır. Paytaxtda böyük mədəniyyət müəssisələrinin, teatrların, muzeylərin, universitetlərin olması təbiidir. Lakin bölgələrdə mədəni həyatın canlı saxlanılması da az əhəmiyyət daşımır. Çünki mədəniyyət yalnız böyük şəhərlərdə yaşamır.
Mədəniyyət kənddə də yaşayır.
Bir kitabxananın kiçik zalında keçirilən ədəbi tədbirdə də yaşayır…
Bir məktəblinin oxuduğu şeirdə də yaşayır…
Bir kitabxanaçının klassik yazıçı haqqında danışığında da yaşayır…
Bəzən bir kənd kitabxanasında keçirilən tədbirin səsi böyük şəhərlərdə eşidilməyə bilər. Amma həmin tədbirdə iştirak edən on-on beş gəncin dünyagörüşündə nəsə dəyişirsə, görülən iş öz məqsədinə çatıb.
Bu baxımdan Dilarə Ağakişiyevanın fəaliyyəti yalnız bir peşə fəaliyyəti kimi deyil, bölgədə ədəbi-mədəni mühitin qorunmasına verilən töhfə kimi də dəyərləndirilə bilər.
Kitab və ədəbiyyatla məşğul olan insanın bir üstünlüyü də var: sözün məsuliyyətini daha yaxşı anlayır.
Söz adi bir vasitə deyil…
Bir söz insanı sevindirə bilər…
Bir söz insanı incidə bilər…
Bir söz bir ömür yadda qala bilər…
Ədəbiyyat isə sözün ən böyük məktəbidir!..
Ona görə də ədəbiyyatı təbliğ edən insanın özü də sözə diqqətlə yanaşmalıdır.
Dilarə Ağakişiyevanın fəaliyyətinin əsas məzmununda kitabın və sözün insan həyatındakı yerini göstərmək dayanır.
Bu fəaliyyət bəlkə də gurultulu görünmür. Amma hər böyük iş mütləq gurultu ilə görülmür.
Bəzən bir kitabın sakitcə oxunması da böyük hadisədir…
Bəzən bir gəncin mütaliəyə maraq göstərməsi böyük uğurdur…
Bəzən bir klassik əsərin yenidən müzakirəyə çıxarılması milli yaddaşın bir səhifəsinin yenidən açılması deməkdir…
BİR KƏNDİN ADINDAN DAHA BÖYÜK OLAN MƏNA
Hacıhətəmli deyəndə bir kənd adı çəkirik.
Dilarə Ağakişiyeva deyəndə isə həmin kənddən çıxan bir insanın həyat yolunu xatırlayırıq. Əslində, hər bir insan öz doğulduğu yerin bir növ nümayəndəsidir.
İnsan yaxşı iş görəndə onun adı ilə yanaşı doğulduğu yer də xatırlanır. Bu baxımdan Dilarə Ağakişiyevanın həyat yolunda Hacıhətəmlinin adı da özünəməxsus məna daşıyır.
Kənddən başlayan yolun kitabxanaya, ədəbiyyata, maarifçiliyə uzanması təsadüfi görünmür. Çünki kənd insanın köküdür, kitab isə onun dünyaya açılan pəncərəsi.
Kök olmadan pəncərə mənasızdır. Pəncərəsiz kök isə dünyadan xəbərsiz qala bilər. İnsanın kamilliyi isə bu ikisini birləşdirməkdədir.
ÖMRÜN ƏN GÖZƏL SƏHİFƏLƏRİ
Hər insanın həyatı bir kitab olsaydı, onun ilk səhifələrini doğulduğu yer yazardı.
Sonrakı səhifələri ailə…
Məktəb…
Dostlar…
Peşə…
İnsanların yaddaşında qoyduğun iz...
Dilarə Ağakişiyevanın ömür kitabının ilk səhifəsində Hacıhətəmli yazılıb. Sonrakı səhifələrdə kitabxana, ədəbiyyat, ədəbi tədbirlər, oxucular və maarifçilik fəaliyyəti var.
Bu kitabın ən maraqlı cəhəti isə onun hələ tamamlanmamasıdır. Çünki insanın ömrü davam etdikcə kitabın səhifələri də artır.
Bəlkə bir gün həmin səhifələrdə bu gün kitabxanaya gələn hansısa uşağın uğuru da yazılacaq. Bəlkə həmin uşaq illər sonra öz kitabını yazacaq. Və o kitabın haradasa görünməyən bir yerində Dilarə Ağakişiyevanın adı olacaq. Çünki insanın başqasının həyatına təsiri həmişə sənədlə, mükafatla, fəxri fərmanla ölçülmür. Bəzən bir insanın ən böyük xidməti onun başqa bir insanın düşüncəsində yandırdığı işıqdır.
Hacıhətəmlidən başlayan yolun harada bitəcəyini əvvəlcədən demək mümkün deyil. Əslində, mənəvi yolların sonu da olmur.
İnsan dünyadan gedir, amma onun öyrətdiyi bir fikir qalır.
Bir kitab qalır…
Bir xatirə qalır…
Bir şagird qalır…
Bir oxucu qalır…
Bir yaxşılıq qalır…
Dilarə Ağakişiyevanın həyat və fəaliyyətinə də bu baxımdan yanaşmaq daha doğru olar.
O, böyük sözün, ədəbiyyatın gündəlik həyatımızda yaşamasına xidmət edən insanlardan biridir. Onun işi kitabı rəfdə saxlamaqdan daha böyük məna daşıyır. Çünki kitab rəfdə dayananda sadəcə kitabdır. Oxucunun əlinə keçəndə isə düşüncəyə çevrilir. Düşüncə isə insanı dəyişdirə bilər. İnsanı dəyişən fikir, cəmiyyəti dəyişən fikirə çevrilə bilər.
Beləcə, Hacıhətəmli adlı bir kənddən başlayan bir insan ömrü kitabların arasında davam edir və bir daha göstərir ki, böyük yollar həmişə böyük şəhərlərdən başlamır.
Bəzən böyük yollar kiçik bir kənddən başlayır.
Bəzən böyük işlər səssiz görülür.
Bəzən böyük xidmətin səsi çox uzağa getmir.
Amma onun işığı uzağa gedir.
Dilarə Ağakişiyevanın həyat yolunu da mənəvi baxımdan həmin işıqla xarakterizə etmək olar.
Hacıhətəmlinin torpağından kitabların dünyasına uzanan bir yol...
Doğma yurddan ədəbiyyata...
Ədəbiyyatdan insanlara...
İnsanlardan isə gələcəyə.
Və bəlkə də hər bir ziyalının həyatında bundan daha gözəl istiqamət yoxdur.
Çünki kitabın ən böyük məqsədi insanı insanlara, insanları isə bir-birinə yaxınlaşdırmaqdır.
Dilarə Ağakişiyevanın ömür yolunun mənası da elə bu yaxınlıqda, bu xidmətin səssizliyində və bu işığın davamlılığındadır.
Hacıhətəmlidən başlayan yol hələ bitməyib. Çünki oxunan hər kitab həmin yolun davamıdır…
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















