Mətbuat tariximizin unudulmaz eposunun 37 yaşı tamam oldu

Zaman fırlanır, illər təqvim vərəqlərini amansız bir sürətlə qoparıb aparır, amma tarixin elə dönəmləri, elə mənəvi zirvələri var ki, onlar heç vaxt unudulmur, köhnəlmir. 1990-cı ilin o qanlı, sınaqlı və eyni zamanda xalqın milli azadlıq ruhunun coşduğu Yanvar günlərində mətbuat tariximizə qızıl hərflərlə yazılan bütöv bir dastan doğuldu. Bu, cəmi bircə nömrəsi ilə düz 1 milyon tirajla çapdan çıxıb xalqın əlindən tutan, onun qaranlıq gününə günəş kimi doğan əfsanəvi "Səhər" qəzeti idi.

1990-cı ilin yanvarı Azərbaycanın həm böyük ağrısı, həm də milli oyanışının, qürurunun zirvəsi idi. Sovet imperiyasının tankları Bakı küçələrində dinc insanları qanına qəltan edəndə, paytaxtın və ölkənin bütün informasiya damarlarını kəsmişdilər. Televiziya partladılmışdı, radiolar susdurulmuşdu, qəzetlərin çapına ciddi hərbi senzura və qadağa qoyulmuşdu. Xalq tam bir informasiya blokadasında, qaranlıqda qalmışdı. Bax, o qaranlığın bağrını yarıb xalqa həqiqəti pıçıldayan, millətin dərdinə ortaq olan, qorxunu yenən bir qəhrəman mətbuat fədaisi lazım idi. Və o fədai özünü çox gözlətmədi — ustad jurnalist Məzahir Süleymanzadənin rəhbərliyi, bir qrup cəsur ziyalının fədakarlığı ilə "Səhər" qəzeti meydana atıldı.
Həmin vaxt hərbi komendantlığın qılıncının altından keçib, imperiya zülmünə meydan oxuyaraq qəzet çıxarmaq sadəcə peşə fəaliyyəti deyil, birbaşa ölümün gözünə dik baxmaq, vətən fədaisi olmaq demək idi. İndiki kimi kompüterlər, sürətli texnologiyalar yox idi; qəzet linotip maşınlarında, qurğuşun hərflərlə, hərbi patrulların addım səsləri altında, gizli-aşkar əsəb gərginliyi ilə yığılırdı. Amma o çətinliklərin içindən elə bir möcüzə doğuldu ki, dünya mətbuatı belə heyrətə gəldi: 1 milyon tiraj! Bu, sıradan bir rəqəm deyil; bu, o dövrün şəraitində xalqın informasiya aclığının, həqiqətə olan susuzluğunun və mətbuata olan sonsuz inamının göstəricisi idi.

"Səhər" qəzetinin o məşhur yanvar nömrəsi köşkə çıxmadı, o qəzet əldən-ələ, evdən-evə, rayondan-rayona gəzdi. Yaxşı yadımdadır, onda hələ mətbuata işləməyə gəlməmişdim, amma komsomoldakı işimdən çıxmışdım. Özü də üsyankarcasına. Evdə oturduğum vaxtlarda sözə, təsəlliyə böyük ehtiyac var idi. Belə bir məqamda bu missiyanı öz üzərinə “Səhər” qəzeti götürdü. 1 milyon tirajla çapdan çıxmış “Səhər”in bir nömrəsi də məndə idi. Bu nömrəni bəlkə də yüz adam oxudu, hər cümləsindən təsəlli tapdı, hər xəbərindən millətin gələcəyinə ümid bəslədi. "Səhər" təkcə kağız parçası olmadı, Bakının qanlı küçələrindən gələn harayı eşitdi, şəhidlərin ruhuna oxunan ağını yaydı, xalqın bükülməyən qəddinin mənəvi dayağına çevrildi. O, imperiyanın yalan maşınını darmadağın edən ən güclü silahımız oldu.

Bu gün mətbuat tariximizə, keçmişimizə boylananda "Səhər" qəzetinin o 1 milyonluq tirajını, sadəcə, bir xatirə kimi deyil, Azərbaycan jurnalistikasının şərəf, ləyaqət və qəhrəmanlıq pasportu kimi xatırlayır və əmanət kimi saxlayıram. O dövrdə qəzetin ərsəyə gəlməsində əməyi olan, o qorxulu günlərdə canını ortaya qoyan hər bir ziyalının, hər bir jurnalistin, mətbəə işçisinin qarşısında baş əymək borcumuzdur. "Səhər" qəzeti sübut etdi ki, söz haqqın tərəfində olanda onu heç bir tank, heç bir silah susdura bilməz. O şirin və ağrılı xatirələr hər zaman bizim yaddaşımızda yaşayacaq, gələcək jurnalist nəsillərinin yoluna nur saçacaq. O qəzetdən hazırda bizə qalan yeganə təsəllimiz onun adı, onu xatırlayan insanların, sağ qalan əməkdaşlarının yaddaşlarıdır!

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31