Xəbərlər
24.08.2026, 23:05
SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

şair-publisist
ARİF MUSANIN “HƏSRƏTİN GÖZ YAŞI” HAQQINDA BİR NEÇƏ KƏLMƏ
Şamaxı torpağı Azərbaycan ədəbiyyatına neçə-neçə qiymətli söz adamı bəxş edib. Bu qədim və zəngin ədəbi mühitin yetirdiyi qələm sahiblərindən biri də şair, publisist, jurnalist və “Söz” qəzetinin təsisçisi, baş redaktoru Arif Musadır. O, Şamaxının Ərəbşalbaş kəndində dünyaya göz açıb və doğma torpağın ruhunu, insanlarının sadəliyini, həyatın ağrı-acısını, sevincini öz yaradıcılığında yaşadıb.
Arif Musa üçün söz təkcə yazı vasitəsi deyil, mənəvi məsuliyyətdir. Onun yaradıcılığında sözün çəkisi, insanın daxili dünyası, zamanın dəyişən üzü, Vətən və torpaq sevgisi xüsusi yer tutur. Şairin poetik üslubunda xalq dilinin təbiiliyi ilə düşüncənin dərinliyi bir-birini tamamlayır. Onun şeirlərini oxuyarkən sanki sadə, doğma və tanış bir insanın həyat haqqında ürək sözlərini eşidirsən. Ədəbi mühitdə də Arif Musanın şeirlərinin ənənəvi poetik dilin imkanlarından uğurla bəhrələndiyi vurğulanır.
Arif Musanın yaradıcılıq fəaliyyəti yalnız şeirlə məhdudlaşmır. Mətbuata göstəriləm narağın azaldığı bir vaxtda, bu gün də öz ənənələrinə sadiq qalan “Söz” qəzetinə rəhbərlik etməsi onun mətbuata, ədəbiyyata və söz adamlarına bağlılığının göstəricisidir. O, uzun illər ərzində qələm sahiblərinin fikirlərinin, ədəbi nümunələrinin və yaradıcılıq axtarışlarının oxucuya çatdırılmasına xidmət edib. Müxtəlif ədəbi tədbirlərdə onun şair və “Söz” qəzetinin baş redaktoru kimi iştirakı da bu fəaliyyətin davamlı olduğunu göstərir.
İNSAN TALEYİNƏ HƏSSAS MÜNASİBƏT
Qələm dostumuz, “Ədalət və həqiqət” qəzetinin baş redaktoru, “Tur.az tv” saytının rəhbəri Cəmil Dadaşov da Şamaxı torpağının yetirməsidir, istedadlı yazardır, illərdir ki, Arif Musa ilə dostluq edir. Bu dostluq mənə də sirayət edib. Üçlüyün dostluğu sarsılmazdır. Cəmil müəllim Arif Musanın “Həsrətin göz yaşı” kitabı haqqında mənə bildiklərini danışdı, müəyyən məluanatlarla məni tanış etdi. Mən də tanıdığım bir insan və dostum kimi, bu kitab haqında öz təəssüratlarımı, fikirlərimi bildirmək istədim.

Arif Musa yaradıcılığının mühüm cəhətlərindən biri də insan taleyinə həssas münasibətdir. Onun şeirlərində keçmişə boylanış, xatirələr, zamanın insan ömründə qoyduğu izlər, ayrılıq və həsrət kimi duyğular xüsusi çalarlarla ifadə olunur. Arif Musanın şəxsiyyətində şairlə jurnalist, publisistlə redaktor biri-birini tamamlayır. O, sözün həm poetik gözəlliyini, həm də ictimai məsuliyyətini anlayan ziyalılardandır. “Söz” adını daşıyan bir qəzetə rəhbərlik etmək təsadüfi deyil. Çünki Arif Musa üçün söz həm sənətdir, həm yaddaşdır, həm də insanın mənəvi imzasıdır.
Şamaxının qədim torpağından çıxaraq Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyan Arif Musa sözə sədaqəti ilə seçilən qələm adamıdır. Onun yaradıcılığına nəzər saldıqca bir həqiqət daha aydın görünür: yaxşı şair yalnız şeir yazmır, həm də yaşadığı dövrün mənəvi salnaməsini yaradır. A.Musa da öz misraları, publisistik fəaliyyəti və “Söz” ətrafında formalaşdırdığı ədəbi mühitlə bu salnamənin səhifələrini yazan qələm sahiblərindəndir.
Onun yaradıcılıq yoluna ən yaraşan ifadələrdən biri bəlkə də elə budur: sözə inanan insanın sözü zaman keçdikcə daha da qiymətlənir.
Arif Musa da sözə inanan, sözü yaşadan və sözün işığında yol gedən şairlərdəndir.
“HƏSRƏTİN GÖZ YAŞI”NDA ARİF MUSANIN SEVGİ HƏSRƏTİ
Özü və geniş ədəbi fəaliyyəti haqqında fəxrlə söz açdığım Arif Musanın bədii yaradıcılığında sevgi mövzusu özünəməxsus və kövrək çalarları ilə seçilir. Şairin qələmində sevgi yalnız vüsal, sevinc və xoşbəxtlik deyil, həm də ayrılıq, intizar, xatirə və həsrətdir. “Həsrətin göz yaşı” adı belə oxucunu ilk andan dərin duyğular aləminə aparır. Bu ifadədə həm sevginin böyüklüyü, həm də ayrılığın ağrısı var. Şair sanki demək istəyir ki, insanın qəlbində həqiqi sevgi varsa, ayrılıqdan sonra belə həmin məhəbbət yaşamını davam etdirir və zaman keçdikcə xatirəyə, xatirə isə həsrətə çevrilir.
“Həsrətin göz yaşı”nda sevgi həsrəti adi ayrılıq kimi görünmür. Burada söhbət insanın ürəyində dərin iz buraxmış, zamanın və məsafənin belə silə bilmədiyi məhəbbətdən gedir. Sevilən insan uzaqdadır, bəlkə də artıq keçmişin bir parçasıdır, lakin onun xatirəsi şairin düşüncəsində və duyğularında yaşayır. Bu səbəbdən həsrət bir tərəfdən ağrı gətirir, digər tərəfdən isə sevgini yaşadan mənəvi qüvvəyə çevrilir.
Bir ümid işığı yaşadır mənə,
Sənsiz, sənli günün xatirəsini.
Keçdiyim yollara çıraq etmişəm,
Ömrümün bənəzrsiz möcüzəsini.
Xəyalım həsrətdən çıxıb göylərə,
Qara buludlarla verib baş-başa.
Tale qismətinə, hicran qəminə,
Xəyalım buludla ağlayır qoşa.
Sənsiz, sənli günün xatirəsini.
Keçdiyim yollara çıraq etmişəm,
Ömrümün bənəzrsiz möcüzəsini.
Xəyalım həsrətdən çıxıb göylərə,
Qara buludlarla verib baş-başa.
Tale qismətinə, hicran qəminə,
Xəyalım buludla ağlayır qoşa.
“Həsrətin göz yaşı”
QƏLBİN SƏSSİZ DİLİ...
Şeirin əsas məqsədi həsrət hissini insanın daxili dünyasında yaşadığı ağrı və göz yaşı ilə ifadə etməkdir. Burada göz yaşı, sadəcə, kədərin əlaməti deyil, insanın ürəyində yığılan ayrılığın, nisgilin, qovuşmaq arzusunun və keçmişə bağlılığın simvoludur.
Şairin sevgi anlayışında ən təsirli məqam məhz qovuşa bilməmək hissidir. İnsan sevdiyi ilə bir yerdə olmadığı zaman keçmişdə yaşadığı xoş anların qiymətini daha dərindən anlayır. Vaxtilə adi görünən bir baxış, bir söz, bir görüş sonradan böyük bir xatirəyə çevrilir. Arif Musa bu psixoloji vəziyyəti həssaslıqla ifadə edir. Onun poeziyasında keçmiş geri qayıtmır, amma keçmişin xatirəsi insanın içində yaşayır. Həsrətin ağrısı da məhz buradan doğur.
“Həsrətin göz yaşı” ifadəsindəki “göz yaşı” xüsusi məna daşıyır. Bu göz yaşı yalnız kədərin deyil, unudulmayan sevginin də rəmzidir. İnsan bəzən danışa bilmir, sözlə ifadə edə bilmədiyi hissləri göz yaşı ilə ifadə edir. Şair üçün də göz yaşı qəlbin səssiz dilinə çevrilir. Bu baxımdan əsərdə həsrət susmur, o, göz yaşları ilə danışır.
Gizlədə bilmirəm duyğularımı,
Qəlbimin kədəri gözdə görünür.
Çəkdiyim əzabın ahı, naləsi,
Dilimdə səslənən sözdə gğrünür.
Taleyim üzümə gülmür nədənsə,
Bəxtimin günəşi sönür deyəsən.
Bir vaxt səmalarda gəzən xəyalım,
İndi zirvələrdən enir deyəsən.
Qəlbimin kədəri gözdə görünür.
Çəkdiyim əzabın ahı, naləsi,
Dilimdə səslənən sözdə gğrünür.
Taleyim üzümə gülmür nədənsə,
Bəxtimin günəşi sönür deyəsən.
Bir vaxt səmalarda gəzən xəyalım,
İndi zirvələrdən enir deyəsən.
Bu parçalar da kitaba daxil edilmiş “Həsrətin sonu” şeirindəndir. Arif Musanın sevgi həsrətində xatirələrin mühüm rolu var. Xatirə insanın keçmişlə bu gün arasında qurduğu görünməz körpüdür. Sevilən insan fiziki olaraq yanında olmasa da, onun səsi, baxışı, sözü və birlikdə yaşanan günlər yaddaşda qalır. Şair həmin xatirələrə dönərək həm təsəlli tapır, həm də ayrılığın ağrısını yenidən yaşayır. Bu ikili duyğu - xatirədən doğan xoşbəxtlik və həmin xatirənin yaratdığı nisgil - əsərin emosional təsirini artırır.

Şairin həsrəti yalnız şəxsi duyğu kimi də qəbul olunmamalıdır. Bu hissdə insan taleyinin ümumi həqiqəti var. Hər bir insan həyatında itirdiyi, uzaq düşdüyü və ya qovuşa bilmədiyi nələrinsə həsrətini yaşayır. Bəzən bu, sevdiyin insan olur, bəzən doğma yurd, bəzən keçmişdə qalan gözəl günlər. Arif Musa isə sevgi həsrətini bu geniş mənəvi duyğularla birləşdirir və oxucunun öz həyatındakı ayrılıqları, xatirələri düşünməsinə səbəb olur.
“Həsrətin göz yaşı”nda sevgi bitmiş bir duyğu kimi deyil, zamanın qarşısında davam gətirən mənəvi bağlılıq kimi görünür. Əsl sevgi insanın yanında olan zaman deyil, ondan uzaq düşəndə də ürəkdə yaşayırsa, deməli, həqiqidir. Şairin həsrəti də məhz belə bir sevgidən doğur. Bu sevgi insanı ağladır, düşündürür, keçmişə qaytarır, lakin onu daxilən zənginləşdirir.
HƏSRƏTİN GÖZ YAŞI BAĞLILIĞIN ƏN SƏMİMİ İFADƏSİDİR
Nəticə etibarilə, Arif Musanın “Həsrətin göz yaşı”nda sevgi həsrəti qovuşa bilməyən məhəbbətin, unudulmayan xatirələrin və zamanın silə bilmədiyi duyğuların poetik ifadəsidir. Şair həsrəti yalnız ağrı kimi təqdim etmir, onu sevginin yaşadığını göstərən işarəyə çevirir. Göz yaşı burada məhəbbətin zəifliyi deyil, onun dərinliyidir. Çünki insan yalnız həqiqətən sevdiyi üçün həsrət çəkir, yalnız unuda bilmədiyi üçün göz yaşı tökür.
Arif Musanın bu mövzudakı yaradıcılığının əsas təsiri də bundadır: oxucu şairin həsrətində öz həsrətini, onun xatirələrində öz keçmişini, sevgi nisgilində isə ürəyinin unuda bilmədiyi insanları görür. Elə buna görə də “Həsrətin göz yaşı” yalnız bir sevgi hekayəsinin deyil, sevgini itirsə də, onu qəlbində yaşadan insanın duyğularının poetik ifadəsi kimi yadda qalır.
Bu əsərə ədəbi-publisistik baxımdan yanaşsaq, belə bir nəticə çıxarmaq olar: Arif Musa həsrəti yalnız şəxsi bir duyğu kimi yox, insanı öz keçmişinə, doğma torpağına və itirdiyi mənəvi dəyərlərə bağlayan hiss kimi təqdim edir. Həsrətin göz yaşı isə həmin bağlılığın ən səmimi ifadəsidir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





