Gənc xanəndə, istedadlı sənətkar, İsmayıllı ziyalılarının yaxın dostu, məclislərimizin yaraşığı İsmayıl Əvəz oğlu Rəcəbovun qarşıdakı ad gününə!

... Hər sənətkarın səsinin bir uşaqlığı olur.
Səhnədə eşidilən səs bir günün, bir ilin səsi deyil. O səsin arxasında illər dayanır. Uşaqlıq illəri, ilk xatirələr, doğma evin divarları, kənd yolları, ata-ana sözü, həyət-baca, dağ havası, bulaq səsi, axşamlar həyətə çökən sükut... İnsan böyüdükcə bunların çoxunu unutduğunu zənn edir. Əslində isə unutmur. Sadəcə, həmin xatirələr insanın içində səssizləşir. Sonra bir gün bir mahnı başlayır və uşaqlıq yenidən danışmağa başlayır.
Bu gün püxtələşmiş sənətkar kimi ad-san qazanmış İsmayıl Rəcəbovun uşaqlıq və yeniyetməlik illərini təsəvvür edəndə ilk olaraq İsmayıllının Təzəkənd kəndi yada düşür.


BU KƏND ONUN HƏYATININ İLK SƏHİFƏSİDİR


O səhifədə böyük şəhərlərin gurultusu yoxdur. Sakitlik var. Dağların təmkinli duruşu, kənd evlərinin sadəliyi, həyət-bacanın gündəlik qayğıları, zəhmətlə keçən günlər var. Kənddə uşaqlıq da şəhərdəki kimi deyil. Uşaq çox şeyi erkən görür, erkən anlayır. Əlin zəhmətlə tanışlığı, böyüklərin qayğıları, ailənin gündəlik həyat mübarizəsi onun dünyagörüşünə yavaş-yavaş hopur.
Kənd uşağının oyunu da torpağın üstündə olur, arzusu da. O, səhər həyətə çıxanda dünyanın böyüklüyünü görmür. Qarşısında kənd yolu, dağ, ağac, evlər və tanıdığı insanlar olur. Amma insanın böyük dünyası çox vaxt elə həmin kiçik məkandan başlayır. Çünki uşaqlıqda gördüklərimiz sonralar xarakterimizə çevrilir.
Təzəkəndin təbiəti, kəndin sadə həyatı, insanların biri-birinə yaxınlığı İsmayılın yaddaşında yalnız görüntü kimi yox, duyğu kimi qalmalı idi. Sənətkarın sonrakı həyatında bu duyğuların necə səslənməsi isə artıq sənətin möcüzəsidir.
Bəlkə də onun səsindəki doğmalığın kökü elə həmin illərə gedib çıxır.
Kənddə səs uzağa gedir. Səhər bir həyətin qapısından çıxan adamın səsi o biri həyətə çatır. Dağlıq ərazidə bir çağırışın necə uzağa yayıldığını uşaqlıqdan eşidən adam səsin gücünü özü də bilmədən öyrənir.
Bəlkə gələcəyin xanəndəsi üçün bu, həyatın ilk musiqi dərslərindən biri idi.
Kəndin öz musiqisi var…
Səhər xoruzların səsi…
Bulağın şırıltısı…
Ağacların yarpaqlarının xışıltısı...
Uzaqdan eşidilən mal-qara səsi…
Həyətdə danışan insanların səsi…
Toyda səslənən mahnı…
Məclisdə oxunan muğam…
Bunların hamısı bir uşağın qulağına ayrı-ayrı səslər kimi daxil olur, illər keçdikcə isə bir bütöv musiqi yaddaşına çevrilir. İsmayılın uşaqlığı da belə bir səs mühitində formalaşmışdı.

YAŞANAN BİR DUYĞU


Kənddə musiqi heç vaxt yalnız səhnəyə aid olmayıb. Musiqi həyatın içindədir.
Toyda var…
Bayramda var…
Məclisdə var…
Bəzən axşam bir evin həyətində oturan kişilərin söhbətinin arasında da bir mahnı başlayır. Birinin səsi o birinə qoşulur. Kimsə muğamdan bir parça oxuyur, kimsə köhnə bir xalq mahnısını xatırlayır. Uşaqlar da bütün bunları eşidə-eşidə böyüyürlər. Belə mühitdə musiqi öyrənilən dərsdən əvvəl yaşanan bir duyğuya çevrilir. İstedad da bəlkə elə burada özünü göstərir.
Əvvəlcə uşaq mahnını eşidir…
Sonra onu yadda saxlayır…
Sonra təkrar edir…
Bir müddət sonra isə başqaları həmin uşağın səsinə diqqət yetirməyə başlayır.

ÖMÜRNAMƏSİ DİL AÇIR…

İsmayıl Əvəz oğlu Rəcəbov İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Atası uzun müddət kolxozda traktorçu kimi fəaliyyət göstərib. 1996-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra ailənin ağırlığı anası evdar Tamara xanımın və özündən 14 yaş böyük qardaşının üzərinə düşüb. O Birinci Qarabağ müharibəsində iştirak edib. Evə qayırdıqdan sonra təsərrüfat işləri, maldarlıqla məşğul olub. Bu işlərə İsmayılı da cəlb edib.
İsmayılın arzusu oxumaq, sənətini və səsini çox sevdiyi Məhəbbət Kazımov kimi tanınmaq olub. Mərhum atasına səs oxşarlığı və nəhəng sənətkara olan sevgisi bu sənətə gəlişini tezləşdirib. Dayısının maqnitofonuna batareya qoyub özü ilə götürər, mal-qara otaqmağa gedəndə əvvəlcə bu ecazkar səsə qulaq asar, sonra da zümzümə edərdi. Bu hal tez-tez təkrar olunardı. Bunu atasızlığı, dərdini dağıtmaq, ailənin yükünü azaltmaq naminə edərdi. Arada rayonda təşkil edilmiş musiqi dərnəyinə də gedərdi.
2006-cı ildə anası, 3 bacısı və böyük qardaşı ilə halallaşıb Bakıya üz tutdu. Qohumları onu Xalq artisti Mənsum İbrahimovun yanına apardılar. Burada bir az oxuduqdan sonra Xalq artisti Alim Qasımovla tanış etdilər. Ustad onun səsini bəyənib dərs keçməyə başladı. İki il Alim Qasımovdan dəsr alan İsmayıl Konservatoriyanın nəzdində olan Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul edildi. 2011-ci ildə musiqi təhsilini başa vuran İsmayıla burada müəllim kimi çalışmağı təklif ediblər. O isə bundan imtina edib. Şadlıq evlərində xanəndə kimi çalışmağı, el şənliklərində oxumağı üstün tutub.
Bakıda keçirilən Muğam Yarışmasına iki dəfə qatılmaq istəsə də, onu istəməyənlər İsmayılın bu cəhdinin qarşısını alıblar. Ümumiyyətlə, onun bu sənətdə çox çətinlikliyi olub, qarşısına müəyyən səddlər çəkilib, amma bu cəhdlər alınmayıb. Çünki istedadın qarşısını heç cür və heç kəs ala bilməz. Səsin və sənətin qüdrəti özünü göstərib.
İsmayıl Rəcəbov həqiqətən Vətənini, yurdunu, obasını, əsas da dövlətini sevir.
Yeri gəlmişkən qeyd edim ki, söhbətlərində tez-tez ustad şairimiz Musa Yaqubun və gənc müğənni Kamilə Nəbiyevanın adlarını çəkdi. Məlum oldu ki, hər ikisi ilə yaxın qohumluğu var.

“BU UŞAĞIN SƏSİ VAR...”


Sənət yolunun ilk cümləsi bəzən elə bu olur.
Amma heç kim həmin anda sonrakı yolu bilmir.
Heç kim bilmir ki, kənd həyətində oxunan bir mahnı illər sonra səhnədə səslənəcək…
Heç kim bilmir ki, bir uşağın adi görünən səsi bir gün onun taleyinə çevriləcək…
Uşaqlıqdan yeniyetməliyə keçid isə insanın həyatında xüsusi dövrdür.
Artıq uşaq əvvəlki kimi yalnız oynamaq haqqında düşünmür. Ətrafındakı dünyanı daha çox müşahidə edir. İnsanları daha yaxşı tanıyır. Həyatın çətinliklərini hiss etməyə başlayır. Arzuları böyüyür, amma həmin arzulara çatmağın nə qədər çətin olduğunu da anlayır.
İsmayılın yeniyetməlik illərini də belə bir axtarış dövrü kimi təsəvvür etmək olar.
Bir tərəfdə kəndin gündəlik həyatı…
Digər tərəfdə ürəyində böyüyən sənət arzusu…
Bir tərəfdə həyatın tələb etdiyi zəhmət…
Digər tərəfdə səsin onu çağırdığı başqa bir yol...
İnsanın taleyində belə məqamlar olur. O, iki yolun arasında dayanır. Biri tanış yoldur. Ayağın öyrəşib. Hər daşını tanıyırsan. O biri yol isə uzağa gedir, amma hara aparacağını bilmirsən. Sənət yolu da belədir.
İLK ADDIMI ATMAQ CƏSARƏT İSTƏYİR
Yeniyetməlikdə insanın içindəki istedad artıq özünü gizlədə bilmir. Səs böyüdükcə arzu da böyüyür. Sadəcə, oxumaq kifayət etmir. İnsan öyrənmək istəyir. Daha yaxşı oxumaq, daha düzgün ifa etmək, öz səsinin imkanlarını tanımaq və sonradan isə tanıtmaq istəyir.
Bəlkə də İsmayılın sənət məktəbinə ilk doğru addımları məhz həmin yeniyetməlik çağlarının içində formalaşmağa başlayıb.
Bu çağ insanın özünü axtardığı çağdır.
“Kim olacağam?”
“Taleyim necə olacaq?”
“Bu səs məni hara aparacaq?”
Bu sualların cavabı həmin yaşda bilinmir.
Amma insanın içində bir inam yaranırsa, o inam onu yola çıxarır.
İsmayıl Rəcəbovun sonrakı sənət yoluna baxanda onun Təzəkənddə başlayan həyatının təsadüfi bir kənd uşaqlığı ilə bitmədiyini görürük. Uşaqlıqda eşidilən səslər, kənddə formalaşan musiqi duyumu, insanların içində böyümək, sadə həyatın sevincini və çətinliyini görmək sonralar sənətkarın dünyagörüşünə çevrilən bir məktəb rolunu oynayıb.

SƏNƏTKARIN UŞAQLIĞI ONUN SƏSİNİN GİZLİ TƏMƏLİDİR


Çünki səs yalnız texnika ilə yaranmır. Səsin xarakteri olur. Bəzən bir səsin içində kəndin sakitliyi olur.
Bəzən dağın sərtliyi…
Bəzən bulağın təmizliyi...
Bəzən ana laylasının yumşaqlığı...
Bəzən ayrılığın acısı…
Bəzən də uşaqlıqdan qalan qəribə bir nisgil...
İnsanın uşaqlıq xatirələri nə qədər uzaqlaşsa da, onların səsi insanın içindən getmir.
Bəlkə buna görə sənətkarın uşaqlıq dövrü haqqında danışmaq onun sənətinin kökləri haqqında danışmaqdır.
İsmayıl Rəcəbovun kökü isə Təzəkənd torpağındadır. O torpaqda sadə insanlar yaşayır. Sadə həyat sürürlər. Amma sadə həyatın içində böyük duyğular var.
Sevgi də böyükdür.
Dərd də…
Arzu da…
Ümid də…
Bütün bunlar bir yeniyetmənin dünyasına yavaş-yavaş daxil olur və gələcək sənətkarın içində görünməyən bir xəzinəyə çevrilir. Sonralar səhnəyə çıxanda həmin xəzinədən istifadə edir.

BÖYÜK SƏNƏTİN BAŞLANĞICI ÇOX VAXT ÇOX SADƏ OLUR

Bir mahnı oxuyur. Tamaşaçı yalnız səsi eşidir. Amma o səsin arxasında bəlkə də bir kənd səhəri dayanır.
Bir uşaq vaxtı eşidilən səs…
Bir kənd yolu…
Bir evin həyəti…
Bir ananın çağırışı...
Bir atanın zəhməti…
Bir yeniyetmənin gələcəyə baxan gözləri...
Sənətkarın səhnədəki səsi ilə uşaqlığının səsi arasında görünməz bir körpü olur.
Və həmin körpüdən keçən hər mahnı onun keçmişindən bu gününə gəlir.
İsmayıl Rəcəbovun uşaqlıq və yeniyetməlik illərinə bədii nəzərlə baxanda mənə ən doğma görünən cəhət də budur: böyük sənətin başlanğıcı çox vaxt çox sadə olur.
Bir kənd…
Bir ailə...
Bir uşaq...
Bir səs…
Bir arzu…
Sonra həmin arzu illərlə böyüyür…
Uşaq yeniyetmə olur…
Yeniyetmə sənət yoluna qədəm qoyur...
Səs təcrübə qazanır…
Müəllimlər gəlir…
Ustadlar gəlir…
Səhnə gəlir…
Amma uşaqlıq qalır…
O uşaqlıq sənətkarın içində səssizcə yaşayır.
Bəzən bir mahnının ən kövrək yerində üzə çıxır…
Bəzən bir muğamın dərinliyində görünür…
Bəzən səsin titrəyişində hiss olunur…
Çünki insanın səsi böyüyə bilər, amma uşaqlığı heç vaxt böyümür.
O, həmişə əvvəlki yaşında qalır.
Və bəlkə də İsmayıl Rəcəbovun səsində bizi Təzəkəndə, uşaqlığa, sadə və saf bir həyata aparan bir doğmalığın səbəbi də budur.

SƏS SƏHNƏDƏ DOĞULMUR


Səs əvvəlcə insanın içində doğulur.
Bu oşerkimizin qəhrəmanı İsmayıl Rəcəbovun səsi isə əvvəlcə Təzəkəndin torpağında, kənd həyatının sadəliyində, uşaqlıq və yeniyetməlik illərinin xatirələrində öz ilk nəfəsini alıb.
Sonra həyat onu sənətə aparıb…
Sənət onu ustadların yanına gətirib...
Ustadlar səsini cilalayıb…
Səhnə isə həmin səsi insanlara çatdırıb...
Amma o səsin ilk ünvanı yenə də dəyişməyib: TƏZƏKƏNDİN BİR KƏND SƏHƏRİ.

GƏNCLİYİN SƏSƏ ÇEVRİLDİYİ İLLƏR


İnsanın uşaqlığı xatirələrdən ibarətdirsə, gəncliyi seçimlərdən ibarətdir.
Uşaqlıqda həyat insanın qarşısında hazır dayanır. Ev var, ailə var, kənd var, məktəb var, tanış yollar var. Gənclik gələndə isə insanın qarşısında yollar çoxalır. Artıq o, yalnız “nə görürəm?” sualını vermir. “Hara gedirəm?” sualını da verməyə başlayır. Xanəndə İsmayıl Rəcəbovun həyatında gənclik dövrünü də belə bir yol ayrıcının başlanğıcı kimi təsəvvür etmək olar.
Təzəkənddə keçən uşaqlıq illərinin sadəliyi arxada qalırdı. Qarşıda isə daha böyük bir dünya görünürdü. O dünyanın adı sənət idi.
Kənddə oxunan mahnı artıq, sadəcə, məclisin bir parçası deyildi. Səs tədricən arzunun özünə çevrilirdi.
İnsan bəzən taleyinin nə olduğunu əvvəlcədən bilmir. Amma ürəyində hansısa bir çağırış hiss edir. Sanki içəridən bir səs deyir: “Bu yolla get”. Sənət də belə çağırışlardan biridir.
Gənclik illərində insanın səsi dəyişir, dünyaya baxışı dəyişir, hissləri dərinləşir. Uşaqlıqda, sadəcə, xoşuna gələn bir mahnı gənclikdə artıq başqa cür eşidilir. Sözün mənası açılır. Ayrılığın nə olduğunu anlayırsan. Həsrətin nə olduğunu hiss edirsən. Sevgini, gözləntini, ümidi, məyusluğu yaşamağa başlayırsan. Və bütün bunlar səsə hopur.
Bəlkə də xanəndənin əsl sənət yolu elə burada başlayır. Çünki uşağın səsi təmiz ola bilər, amma gəncin səsində artıq həyatın izi görünür.
İ.Rəcəbovun gəncliyini də belə bir daxili yetişmə dövrü kimi düşünmək olar. Təzəkəndin sadə mühitində formalaşan səs artıq özünü daha böyük sənət dünyasında sınamaq istəyirdi. Amma sənət yolu heç vaxt hamar yol olmayıb. İstedad insanı yalnız başlanğıca gətirir.
Sonrakı addımlar üçün zəhmət lazımdır…
Səbr lazımdır…
İradə lazımdır…
Ən başlıcası isə insanın özünə inanması lazımdır…

SƏNƏT AXTARIŞI


Kənddən gələn gənc İsmayıl üçün böyük sənət mühitinə daxil olmaq heç də asan olmayıb. Qarşısında artıq başqa səslər, başqa sənətkarlar, başqa tələblər dayanırdı. O, bir anda anladı ki, yaxşı oxumaqla sənətkar olmaq arasında böyük məsafə var. Bu məsafəni isə yalnız əmək qət edir.
Gənclik illəri ona görə çətin və gözəldir ki, insanın arzuları böyük, imkanları isə bəzən məhdud olur.
Ürək səhnə istəyir.
Həyat isə deyir:
“Gözlə.”
Ürək deyir:
“İndi!”
Həyat deyir:
“Çalış.”
Sənət də məhz bu iki səsin arasında yetişir.
İsmayıl Rəcəbovun gənclik dövrünü göz önünə gətirəndə belə bir mənzərə canlanır: bir tərəfdə kənddən gələn təbii və səmimi səs, digər tərəfdə isə onu sənət səviyyəsinə qaldırmaq üçün qarşıda duran uzun yol.
Səs var…
Amma səsin tərbiyəsi lazımdır.
Hiss var…
Amma hissi idarə etmək lazımdır.
Arzu var…
Amma arzunu məqsədə çevirmək lazımdır.
Gənc sənətkarın qarşısında duran ən böyük imtahanlardan biri də özünü tanımaqdır.
“ Mən kiməm?”
“ Səsimin gücü haradadır?”
“ Mən nəyi bacarıram?”
“ Nəyi hələ bacarmıram?”
Bu sualların cavabı məşq etdikcə, oxuduqca, dinlədikcə, ustadları müşahidə etdikcə yavaş-yavaş ortaya çıxır.
Sənətkarın yetişməsi də bir gündə baş vermir.
Bu, illərin səssiz işidir…
Bəzən heç kim görmür…
Bəzən heç kim alqışlamır...
Bəzən insan özü də çəkdiyi zəhmətin nə vaxt nəticə verəcəyini bilmir…
Amma çalışır. Çünki içindəki səs ona rahatlıq vermir.
İsmayıl Rəcəbovun gənclik illərinin ən mühüm cəhətini də mən məhz bu sənət axtarışı ilə bağlayardım.
O, sadə kənd həyatından gələn bir gənc kimi öz səsini daha böyük bir sənət dünyasında sınamağa başlayır.
Bu mərhələdə onun üçün muğam artıq sadəcə dinlənilən musiqi deyil.
Muğam bir məktəbə çevrilir. Hər muğamın bir qapısı var. O qapını açmaq üçün yalnız səs kifayət etmir.
Qəlb lazımdır…
Səbir lazımdır…
Sözün mənasını duymaq lazımdır...
Muğamın içindəki yolu hiss etmək lazımdır…
Gənc xanəndə İsmayıl üçün də bu yol bəzən çox uzun görünürdü.
Bir muğamı öyrəndikdən sonra qarşıda başqa bir muğam dayanırdı.
Bir təsnifi mənimsədikdən sonra anladı ki, onun da saysız ifa incəliyi var.
Bir mahnını gözəl oxuduqdan sonra ustadı deyirdi:
“Yaxşıdır, amma hələ deyil.”
Bu “hələ deyil”, sənətkarın ən böyük dərsiydi. Çünki insanın püxtələşməsi məhz özündən razı qalmadığı yerdə başlayır.
Gənc İsmayıl anlayırdı ki, bu dövrdə alınan uğurlar da, yaşanan çətinliklər də insanı gələcək həyata hazırlayır.
Uğur ona inam verir…
Çətinlik isə dözüm…
Biri qanad verir, o biri ayaq...
Sənətkarın isə hər ikisinə ehtiyacı var…

İSMAYIL RƏCƏBOVUN SƏNƏTİNDƏ DİRÇƏLMƏ DÖVRÜ

İsmayıl Rəcəbovun sonrakı sənət yolunda böyük ustadlarla çalışması da gənclikdə başlayan bu axtarışların davamı kimi görünürdü. Xalq artistləri, tanınmış xanəndələr Mənsum İbrahimovun məktəbi və 2016-cı ildən isə Alim Qasımovla çalışma onun sənət yolunda yeni mərhələlərə çevrilir.
Deməli, gənclik onun üçün, təkcə yaş dövrü yox, özünü hazırladığı dövrdür. Həmin illərdə atılan addımlar sonrakı səhnənin təməlini qoydu.
Bir insanın səhnədə inamla dayanması üçün əvvəlcə öz içində dayanmağı öyrənməsi lazımdır.
Bir mahnını minlərlə insanın qarşısında oxumaq üçün öncə onu təkbaşına, dəfələrlə, bəzən də səhvlərlə oxumaq lazımdır.
Böyük səhnənin arxasında kiçik məşq otaqları dayanır.
Böyük alqışların arxasında səssiz zəhmət dayanır.
Böyük sənətkarın arxasında isə uzun bir gənclik dayanır.
İsmayıl Rəcəbovun gəncliyinə bu baxımdan nəzər salanda onun həyatında ən qiymətli sərvətin təkcə səs olmadığını görmək mümkündür.
Ən qiymətli sərvət səsə sahib çıxmaq iradəsidir.
Çünki səsi olan çox adam var. Amma səsini illərlə qoruyan, inkişaf etdirən, onun arxasınca gedən və onu sənətə çevirən azdır.

İNSANIN XARAKTERİNİN BƏRKİDİYİ DÖVR - GƏNCLİK


Kənd həyatının verdiyi sadəlik, zəhmətə alışqanlıq və insanlarla yaxın ünsiyyət bu xarakterin əsasını təşkil edir. Sənət mühiti isə onun üzərinə başqa keyfiyyətlər əlavə edir: tələbkarlıq, intizam, səhnə mədəniyyəti, məsuliyyət və özünə qarşı sərtlik. Beləcə, kənddə böyüyən gənc yavaş-yavaş sənətkara çevrilir. Amma kəndin uşağı içində həmişə qalır. Bu, çox qiymətli bir xüsusiyyətdir. Çünki sənətkar haradan gəldiyini unutmayanda onun səsində saxtalıq azalır.
O, insanın sevincini də, dərdini də daha yaxşı anlayır. Bəlkə də buna görə kənddən gələn xanəndənin səsində başqa bir doğmalıq olur. O səs şəhərin böyük salonunda səslənsə də, kökündə kəndin sakitliyi yaşayır.
İsmayıl Rəcəbovun gənclik dövrünü də məhz bu iki dünyanın qovuşduğu mərhələ kimi təsvir etmək olar:

KƏNDİN SADƏLİYİ VƏ SƏNƏTİN MÜRƏKKƏBLİYİ


Bir tərəfdə Təzəkənd…
Digər tərəfdə böyük səhnə…
Bir tərəfdə uşaqlıq xatirələri…
Digər tərəfdə gələcək arzuları…
Bir tərəfdə sadə kənd həyatı…
Digər tərəfdə xanəndəlik sənətinin ağır məsuliyyəti…
Gənclik bu iki dünyanın arasında qurulan körpüdür. Və həmin körpüdən keçən hər insan bir gün geriyə baxanda anlayır ki, onu böyüdən təkcə yaşadığı illər olmayıb.
Onu böyüdən çətinliklər olub…
Gözləmələr olub…
Uğursuzluqlar olub...
İlk alqışlar olub…
İlk səhnələr olub…
İlk ustad sözü olub...
İlk dəfə öz səsini başqa bir insanın səsində eşitmək olub...
Dostumuz İsmayılın gənclik illəri də belə bir məktəb kimi qiymətləndirilə bilər. Bu məktəbin əsas dərsi isə sadədir: sənətə gəlmək asandır, sənətdə qalmaq çətindir.
Gənclik insanı sənətin qapısına gətirir. Amma həmin qapıdan içəri keçib yolun sonuna qədər getmək üçün ömür boyu çalışmaq lazımdır.
İsmayıl Rəcəbovun sonrakı həyatında qeyd etiyim kimi hər iki dünyamiqyaslı sənətkarla – xanəndə ilə təmasın, onların məktəbindən bəhrələnməsinin əhəmiyyəti də məhz bu kontekstdə daha aydın görünür. Çünki ustadlar yalnız artıq formalaşmış sənətkara yol göstərmirlər.
Bəzən gəncliyin içindəki istedadı görüb onun gələcəyinə inam yaradırlar.
Və bir gün o gənc səhnəyə çıxır.
Səsi salona yayılır…
Tamaşaçı susur…
Sonra alqış başlayır…
Həmin an səhnədə yalnız bugünkü sənətkar dayanmır…
Onunla birlikdə bir kəndin uşaqlığı da dayanır…
Bir gəncin arzuları da…
Keçdiyi çətin yollar da…
Öyrəndiyi dərslər də…
Ustadlarının səsləri də…
Və insan anlayır ki, səhnəyə çıxan səsin əslində çox uzun bir yolu var.
İsmayıl Rəcəbovun səsinin yolu da Təzəkənddən başlayıb.
Uşaqlıqdan keçib…
Gənclikdə özünü axtarıb...
Sənətdə püxtələşib…
Ustadların məktəbindən keçib...

Və, nəhayət,
ÖZ SƏSİNİ SƏHNƏDƏ TAPMAĞA DOĞRU GEDİB...

Bəlkə də onun gənclik dövrünü bir cümlə ilə belə ifadə etmək olar: uşaqlıqda ürəyində doğulan səs gənclikdə taleyinə çevrildi. Və o səs artıq susa bilməzdi. Çünki bəzi səslər insanın boğazından yox, taleyindən çıxır.
Səs böyüyür.
Səhnə böyüyür.
Tamaşaçı çoxalır.
Amma səsin başlanğıcı dəyişmir.
O səs yenə kənddən gəlir.
Təzəkənddən…
Torpaqdan…
Sadə həyatdan…
Zəhmətdən…
Və bəlkə də gənc xanəndə İsmayıl Rəcəbovun sənət yolunun ən gözəl cümləsi elə budur: O, kənddən səhnəyə getdi, amma kənd onun səsindən heç vaxt getmədi!..
Daşdəmir ƏJDƏROĞLU






















Son xəbərlər

Prezidentlə xanımı Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Məşhur serialda rol alacaq

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

Çindən avtomobillərlə bağlı görünməmiş geri çağırış - 3 milyon maşında qüsur var

Bir günə Ukraynaya 11 859 kamikadze-dron atdılar

Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR: Nə baş verir?

Prezident xanımı ilə Özbəkistandadır

BIR SƏSİN UŞAQLIĞI (OÇERK) - FOTOLAR

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31