
Xəbərlər
7.08.2026, 11:32
BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU
Talış dağlarının ətəyində yerləşən Bədəlan kəndi təkcə gözəl təbiəti ilə deyil, həm də zəhmətkeş insanları, inkişaf etmiş təsərrüfatı və ziyalıları ilə həmişə seçilib. Elə bir dövr vardı ki, Bədəlan bəlkə də bütün Sovetlər İttifaqının ən müasir kəndlərindən biri hesab olunurdu.
Kənddə çay fabriki fəaliyyət göstərirdi, peşə məktəbi minlərlə gəncə sənət öyrədirdi, yay və qış klubları insanların mədəni istirahətinə xidmət edirdi. Bir orta və iki səkkizillik məktəb, dəyirman, iri sovxoz, geniş texnika parkı, anbarlar və digər təsərrüfat obyektləri kəndin inkişafının göstəricisi idi. Bədəlan dörd böyük kəndin mərkəzi sayılırdı və ətraf yaşayış məntəqələrinin sosial-iqtisadi həyatında mühüm rol oynayırdı.
Bu torpaq Azərbaycanın tanınmış simalarını yetişdirib. Əməkdar artist Baloğlan Əşrəfov, görkəmli muğam ustası Həbibulla Rəhimov, tanınmış göz həkimi Müşfiq Kərimov və daha neçə-neçə ziyalı, elm, mədəniyyət və təsərrüfat adamı Bədəlanın adını ucaldıb. Bu gün isə həmin insanların sırasında xüsusi yeri olan, zəhmətsevərliyi, işgüzarlığı və təşkilatçılığı ilə seçilən İbadulla Cəbrayılov haqqında söhbət açmaq istəyirəm.
Uşaqlıq illərimin yaddaşında İbadulla kişi həmişə iş başında olan, texnikanın içində yaşayan bir insan kimi qalıb. Atam sovxozun həm anbarlarının, həm də yanacaq doldurma məntəqəsinin müdiri idi. Sovxozun böyük qarajı vardı və həmin qarajın baş mexaniki İbadulla Cəbrayılov idi. Texnikanın saz vəziyyətdə saxlanılması, bütün maşın və traktorların vaxtında işləməsi onun məsuliyyətində idi. O, işini sevən, məsuliyyətini dərindən dərk edən mütəxəssis idi.
Atası Yadulla kişi də uzun illər sürücü işləyirdi. Çox mehriban, baməzə və səmimi insan idi. Atamla özlərinə məxsus zarafatları olardı. Onların dostluğu, mehriban münasibətləri bizim nəslin yaddaşında gözəl xatirə kimi qalıb.
İbadulla Cəbrayılovun texnikaya marağı hələ məktəb illərindən başlamışdı. O vaxt məktəbə gündəlik xərcləmək üçün verilən pulları qənaətlə yığır, artıq xərcləmirdi. Uzun müddət topladığı pulla yaşıdları arasında ilk dəfə özünə "Moskviç" markalı avtomobil almışdı. Bu hadisə onun texnikaya sevgisinin, iradəsinin və məqsədyönlülüyünün bariz nümunəsi idi.
İllər keçdikcə o, təsərrüfat sahəsində özünü bacarıqlı təşkilatçı kimi təsdiq etdi. Əvvəl sovxozun baş mexaniki, sonra kənd sovetinin sədri, daha sonra isə sovxoz direktoru kimi məsul vəzifələrdə çalışdı. Hansı vəzifədə işləməsindən asılı olmayaraq, əsas məqsədi kəndin inkişafı, insanların rifahı və təsərrüfatın daha da güclənməsi idi.
İbadulla kişi işgüzar, prinsipial, eyni zamanda sadə və mehriban insan idi. O, rəhbər vəzifədə işləsə də, heç vaxt insanlardan uzaq düşməzdi. Kənd camaatı onun yanına rahatlıqla gələr, problemlərini söyləyər, məsləhətini alardı. Ədalətli mövqeyi və düzgünlüyü ona böyük hörmət qazandırmışdı.
Qardaşım Nəsrəddin müəllim onunla bir sinifdə oxumuşdu. Uzun illər Bədəlan kənd orta məktəbinin direktoru işləmiş Əvəz Səfərov da onların sinif yoldaşı idi. Həmin nəslin nümayəndələri sonralar müxtəlif sahələrdə uğur qazandılar və doğma kəndlərinin adını həmişə uca tutdular.
İbadulla kişi həm də gözəl ailə başçısı idi. Həyat yoldaşı ilə birlikdə dörd övlad – iki oğul və iki qız böyüdüb boya-başa çatdırdı. Övladlarının hər birinə zəhmətsevərliyi, dürüstlüyü və vətən sevgisini aşıladı.
Bu gün böyük oğlu Firdovsi Cəbrayılov məsul vəzifədə çalışaraq Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisidir. Kiçik oğlu Raqil isə uğurlu iş adamı kimi fəaliyyət göstərir. Övladlarının qazandığı uğurlar onların aldıqları ailə tərbiyəsinin və ata nümunəsinin nəticəsidir.
Təəssüf ki, İbadulla kişi ömrünün ən məhsuldar çağlarında dünyasını dəyişdi. Onun vaxtsız vəfatı ailəsi üçün olduğu kimi, Bədəlan kəndi üçün də ağır itki oldu. Çünki kənd bacarıqlı təsərrüfatçısını, işini ürəklə sevən rəhbərini və el ağsaqqalına çevrilməkdə olan bir ziyalısını itirdi.
Lakin insanın ömrü yaşadığı illərlə deyil, gördüyü işlərlə ölçülür. İbadulla Cəbrayılovun adı bu gün də hörmətlə çəkilir. Onu tanıyanlar ilk növbədə zəhmətkeşliyini, sadəliyini, insanpərvərliyini və yüksək təşkilatçılıq bacarığını xatırlayırlar. Onun çalışdığı illərdə gördüyü işlər, kəndin inkişafına verdiyi töhfələr Bədəlanın tarixinin ayrılmaz hissəsinə çevrilib.
Biz keçmişimizi xatırlayanda təkcə tikililəri, yolları və müəssisələri deyil, onları yaradan insanları da yada salmalıyıq. Çünki kəndləri yaşadan onların fədakar övladlarıdır. İbadulla Cəbrayılov da məhz belə insanlardan biri idi.
Bu gün onun haqqında yazarkən uşaqlıq illərimin xatirələri göz önündə canlanır. Sovxozun həyətində işləyən texnikalar, qarajın gurultusu, atamla Yadulla kişinin səmimi söhbətləri, işinin başında daim təmkinli görünən İbadulla kişi... Bunlar artıq tarixə çevrilib. Amma həmin insanların zəhməti, qoyduqları iz və qazandıqları hörmət zaman keçsə də silinmir.
Allah İbadulla Cəbrayılova rəhmət eləsin. Ruhu şad olsun! Onun əziz xatirəsi ailəsinin, doğmalarının və bütün bədəlanlıların qəlbində daim yaşayacaq.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













