2026-dır. Lakin hələ də ali təhsil diplomu olan bir çox insan iş tapmaqda çətinlik çəkir. Bəs bunun əsas səbəbi nədir? Əmək bazarında kifayət qədər vakansiyanın olmaması, yoxsa məzunların iş təcrübəsinin və praktik bacarıqlarının azlığı?
Kiçik bir araşdırma zamanı ortaya çıxan nəticələr o qədər də ürəkaçan deyil. Ekspertlərin fikrincə, ali təhsilli şəxslərin yeni texnologiyaları mənimsəmək və dəyişən şəraitə uyğunlaşmaq qabiliyyəti digər şəxslərlə müqayisədə daha yüksəkdir. Bununla belə, bu gün işəgötürənlərin əsas tələblərindən biri namizədlərin iş təcrübəsinə malik olmasıdır. Məhz bu tələb yeni məzunlar üçün ciddi çətinlik yaradır.
OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) “Education at a Glance 2025” hesabatına əsasən, OECD ölkələrində 18–24 yaşlı gənclərin 54 faizi təhsildədir, onların 19 faizi isə həm təhsil alır, həm də işləyir. Eyni zamanda, gənclərin orta hesabla 55 faizi öz ixtisasından fərqli sahədə fəaliyyət göstərir. Bununla yanaşı, orta hesabla 14 faiz gənc nə təhsil alır, nə işləyir, nə də hər hansı peşə hazırlığı proqramında iştirak edir. Bu göstəricilər gənclərin əmək bazarına uğurlu keçidinin yalnız ali təhsildən deyil, həm də praktik bacarıqlardan və iş təcrübəsindən asılı olduğunu göstərir.
Azərbaycanın əmək bazarında da oxşar tendensiyalarla qarşılaşmaq mümkündür. Bir çox vakansiyada iş təcrübəsi tələb olunur. Halbuki yeni məzun olan gənclərin həmin təcrübəni qazanmaq üçün kifayət qədər imkanları olmur. Bu uyğunsuzluq universitetlərlə iş dünyası arasındakı əlaqələrin zəif olması qənaətini yaradır. Əgər tələbə təhsil aldığı illərdə təcrübə proqramlarında, startap layihələrində və ya könüllülük fəaliyyətində iştirak etməyibsə, təkcə diplom ona əmək bazarında üstünlük qazandırmaya bilər.

Əslində, işsizliyin bir çox səbəbi var və gənclər bu məsələyə müxtəlif aspektlərdən yanaşmalıdırlar. Vakansiyaların azlığı, peşə və praktik bacarıqların çatışmazlığı, xarici dil biliklərinin zəifliyi, yoxsa bəzi peşələrin ömrünün qısalması — bu amillərin hər biri işsizliyə təsir göstərə bilər.
Bir neçə il əvvəl mövcud olmayan bəzi peşələr artıq milyonlarla insan üçün gəlir mənbəyinə çevrilib. Əksinə, bir sıra ənənəvi vəzifələr avtomatlaşdırma və texnologiyaların inkişafı nəticəsində tədricən aradan qalxır və ya əvvəlki əhəmiyyətini itirir. Buradan belə nəticəyə gəlmək olar ki, diplomu əmək bazarı üçün kifayət hesab etməyənlər, əslində, diplomu son dayanacaq kimi görürlər. Reallıq isə ondan ibarətdir ki, diplom peşəkar inkişaf yolunun sonu deyil, başlanğıcıdır.
Bir vaxtlar universitet diplomu bir çox qapının açarı hesab olunurdu: dörd il oxu, diplomunu əldə et və əmək bazarına daxil ol. Bu gün isə şərtlər dəyişib. İşəgötürənləri artıq yalnız namizədin hansı universiteti bitirməsi maraqlandırmır. Onlar daha çox “Harada təhsil almısınız?” sualından çox, “Hansı bacarıqlara və iş təcrübəsinə maliksiniz?” sualına cavab axtarırlar.
Bir çox universitetdə tələbələr dördüncü kursun son semestrində istehsalat təcrübəsinə göndərilirlər. Bu, tələbələrin təhsil aldıqları ixtisası daha yaxından öyrənmələrinə, gələcək əmək fəaliyyətində qarşılaşacaqları proseslərlə tanış olmalarına imkan yaradır. Lakin qısa müddətli istehsalat təcrübəsi əmək bazarının tələblərinə tam cavab vermək üçün hər zaman kifayət etmir.
Müasir dövrün tələblərinə uyğun olaraq təcrübə proqramlarında iştirak, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, layihə əsaslı təhsil, rəqəmsal biliklərin və xarici dil bacarıqlarının artırılması artıq əlavə üstünlük deyil, zərurətə çevrilib. Deməli, yalnız son semestrdə keçirilən istehsalat təcrübəsi gəncin əmək bazarına tam hazır olması üçün yetərli deyil.
“Ali təhsil iş tapmaq üçün kifayətdirmi?” sualına birmənalı cavab vermək mümkün deyil. Dəyişməyən həqiqət budur ki, ali təhsil əmək bazarında insana müəyyən üstünlüklər qazandırır. Lakin bu üstünlüklər yalnız diplom bilik, praktik bacarıq, iş təcrübəsi və davamlı öyrənmə vərdişi ilə tamamlandıqda real nəticəyə çevrilir.
Universitet insana nəzəri bilik verir, həmin biliyi praktik dəyərə çevirmək isə böyük ölçüdə insanın öz üzərinə düşür. Ali təhsillə paralel olaraq müxtəlif bacarıqlara yiyələnmək həm fərdin peşəkar inkişafına, həm də cəmiyyətin ümumi tərəqqisinə töhfə verə bilər. Gələcəyin əmək bazarında uğuru müəyyən edən əsas amil təkcə diplom deyil, insanın öyrənməyə, dəyişən şərtlərə uyğunlaşmağa və yenilik yaratmağa davam etməsidir.

Dilbər Paşazadə

Son xəbərlər

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31