
Xəbərlər
18.08.2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsində su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
08:05
Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalından iki kişi meyiti aşkar edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, meyitlərdən biri "VAZ 2107" markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Avtomobildə olan şəxs Xatınlı kənd sakini Həziyev Səid Sakit oğlu, digəri isə Müseyibov Arzu Şahmar ogludur.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







