
Xəbərlər
6.06.2023, 22:43
Azərbaycan ilə Mərakeş arasında əlaqələr inkişaf edir - FOTO
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov bu ölkənin avadanlıq və su təsərrüfatı naziri Nizar Baraka ilə görüşüb.
Turaztv.az xəbər verir ölkəmizin Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında yol tikintisi, su təchizatı, meteorologiya, inşaat, dəniz limanlarından istifadə və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafına dair layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər, həmçinin nazirliyin fəaliyyətinə aid olan müxtəlif sahələr üzrə sazişlərin imzalanması imkanları ətrafında fikir mübadiləsi aparıblar. Mərakeşli nazir öz ölkəsində sözügedən sahələrdə idarəetmə sistemi haqqında məlumat verib, əməkdaşlığın inkişafına dair bir sıra təkliflər irəli sürüb.
Səfir N.Səmədov, öz növbəsində, Mərakeşin Avadanlıq və Su Təsərrüfatı Nazirliyinin Azərbaycandakı tərəfdaşları və idarəetmə sistemi haqqında geniş məlumat verib, hərtərəfli əməkdaşlığın inkişafı üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsini təklif edib. Onun bu ideyasını bəyənən mərakeşli nazir bildirib ki, gələcək əməkdaşlığı genişləndirmək məqsədilə adıçəkilən sahələr üzrə nümayəndə heyətlərini öz ölkəsinə dəvət etməyə hazırdır.
Səfir, həmçinin həmsöhbətinə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövrü barədə məlumat verib, işğalçıların kəndlərimiz və şəhərlərimizi viran qoyduqlarını diqqətə çatdırıb. O, mərakeşli nazirə Qarabağdan bəhs edən kitab təqdim edib.
N.Səmədov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Səfir Mərakeş şirkətlərinin də bu prosesdə iştirak etmək üçün geniş imkanlara malik olduğunu deyib.
Mərakeşin naziri bu məsələdə kömək etməyə hazır olduğunu deyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















